
Bakı, 30 aprel, ARHD.AZ
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini bir çox məqamlara görə tarixi səfər kimi qiymətləndirə bilərik. İlk növbədə, Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş partlayışa rəğmən, səfərin təxirə salınmaması Tehranın Bakı ilə yüksəksəviyyəli dialoqun ən tez vaxtda baş tutmasında maraqlı olduğunu göstərdi. Dövlət başçılarının səsləndirdikləri bəyanatlar, imzalanan sənədlər ikitərəfli münasibətlərdə artıq yeni mərhələnin başladığını söyləməyə əsas verir.
Bu fikirləri ARHD.AZ-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın fikrincə, əvvəllər yaranmış bəzi narazılıqlara baxmayaraq, İran-Azərbaycan münasibətlərində hər zaman yaxın qonşuluq, ortaq tarix və mədəni irs mühüm rol oynayıb. Bu səfər zamanı hazırda dünyada müşahidə olunan geosiyasi və iqtisadi reallıqlar fonunda Bakı ilə Tehran münasibətləri uğurla davam etdirmək niyyətlərini açıqladı.
“Əslində, Azərbaycan bütün qonşularla, o cümlədən İranla əlaqələrin inkişafında daim maraqlı olub və bu siyasət bu gün də davam edir. Hətta 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə yaradılan 3+3 formatına İranın da cəlb olunması təsadüfi deyildi. Eyni zamanda, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları da mövcuddur və onların təşəbbüskarı da məhz Prezident İlham Əliyevdir. Məlum olduğu kimi, 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşləri keçirilib. Budəfəki səfər zamanı prezidentlərin müzakirə etdikləri əsas məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.
Hər iki ölkənin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini vurğulayan deputat bildirib: “Dövlətimizin başçısının dediyi kimi, bu, nəqliyyat dəhlizi yox, həm də Azərbaycan və İran ərazilərində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün kifayət qədər imkanlar var”.
Onun sözlərinə görə, Qara dənizlə Körfəzi birləşdirən Araz dəhlizinə gəlincə, bu, həm də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri isə İranla Azərbaycan arasında ticarət əlaqələrini gücləndirəcək.
“Azərbaycanın öz dəmir yolu infrastrukturunu yeniləməsi həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. Beləliklə, Pezeşkianın Bakı səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı 3-cü dövlətlərin müdaxiləsi yolverilməzdir. Bakı və Tehran bu cəhdlərin qarşısını birlikdə alacaq”, - deyə Könül Nurullayeva qeyd edib.