Azərbaycanın Qırğızıstandakı səfiri: Arzu edirəm ki, Novruz bütün xalqlara əmin-amanlıq gətirsin

Bakı, 19 mart, ARHD.AZ


Bu parlaq bayramın adının müxtəlif xalqlar arasında fərqli səslənməsinə baxmayaraq, - hərçənd tələffüz baxımından yaxın olsa da, -həmişə hər bir etnik qrupun mənəvi əzəmətinin və zamanın, nəsillərin davamlı bağlılığını əks etdirən yeni dövrün, təbiətin oyanışının, tolerantlığın, bağışlamağın rəmzidir.

ARHD.AZ xəbər verir ki, bu barədə “Veçerni Bişkek” qəzetində dərc olunan məqalədə deyilir.

Müəllif qeyd edir ki, ölkəmizin Qırğızıstandakı səfirliyi tərəfindən təşkil olunmuş qəbula Azərbaycanın dostları - tanınmış qırğız siyasətçiləri, iş adamları, mədəniyyət və elm xadimləri, Bişkekdə akkreditə olunmuş xarici diplomatik korpusun, Azərbaycan diasporunun, ictimai təşkilatların nümayəndələri gəliblər.

Tədbirdə çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Novruzun bir çox xalqların ehtiramla bayram etdiyi çox qədim bir gün olduğunu xatırladıb.

“Çox şadıq ki, Azərbaycanın yaxın dostları bu gün ümumi bayramımızı bizimlə birlikdə qeyd etmək üçün toplaşıblar”, - deyən diplomat hər kəsə cansağlığı, firavanlıq, əmin-amanlıq və uğurlar arzulayıb: “Qoy bu parlaq bayram bütün xalqlara xoşbəxtlik və sevinc gətirsin”.

Ötən ilin heç də asan olmadığını, qlobal vəziyyətin çox ağır olduğunu qeyd edən diplomat, əlbəttə ki, yaxşı məqamların da olduğunu vurğulayıb: “Məsələn, Azərbaycan COP29 qlobal iqlim forumunu uğurla keçirdi ki, bu da ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi, respublikamızın nüfuzunun və ona hörmətin artmasından xəbər verdi. Biz Ermənistan tərəfi ilə də mürəkkəb danışıqları uğurla davam etdirdik. Azərbaycan münasibətlərin tənzimlənməsi və normallaşdırılması üçün 12 layihə təqdim edib. Deyə bilərik ki, ötən ilin avqustunda müəyyən uğurlar əldə etdik, baxmayaraq ki, erməni tərəfi, həmişə olduğu kimi, danışıqlar prosesini ləngitdi. Məlumdur ki, bəzi dövlətlər Ermənistan tərəfini intensiv şəkildə silahlandırırlar və bu, təbii ki, münasibətlərin normallaşmasına kömək etməyib. “Sülhə can atan dövlət silah haqqında düşünməməli, sülh sənədi imzalamağı qarşısına məqsəd qoymalıdır”, -deyə diplomat vurğulayıb.

L.Qəndilov əsas diqqəti iki əsas məqama yönəldib. Səfir izah edib ki, Azərbaycan Ermənistana Konstitusiyanın dəyişdirilməsini təklif edib, çünki orada ölkəmizə qarşı birbaşa ərazi iddiaları ilə bağlı müddəalar var. Azərbaycan da danışıqlar prosesinin ilk günündən qarşısına daha bir mühüm vəzifə qoyub - ATƏT-in Minsk qrupunun ləğvi, danışıqların vasitəçilərsiz, yalnız iki tərəf arasında aparılması; vasitəçilər 30 il ərzində yalnız sülh prosesinin həllini ləngitdilər. Həm zaman, həm də tarix göstərdi ki, Azərbaycan ATƏT-in Minsk qrupunun təmsil etdiyi vasitəçilərdən imtina etməkdə haqlı idi. “Bizə sülh və təminat lazımdır ki, erməni tərəfi heç vaxt ölkəmizə qarşı heç bir siyasi və ya ərazi iddiası irəli sürməyəcək”, -deyə diplomat bildirib.

Səfirin qeyd etdiyi kimi, Prezident İlham Əliyev 2025-ci ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edib. O əlavə edib: “Bu il Azərbaycan xalqı üçün çox mühüm ildir. Bu il müəllifi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin olduğu Konstitusiyanın qəbulunun 30 ili tamam olur. Konstitusiya Azərbaycan xalqına hər şey - müstəqillik, azadlıq, ordu, demokratik dəyərlər verib. Ən əsası, bu Əsas Qanun xalqı birləşdirdi, ərazi bütövlüyünü təmin etmək imkanı yaratdı. Qeyd etməyə bilmərəm ki, biz Konstitusiyamızı şüurlu şəkildə beynəlxalq norma və tələblərə uyğunlaşdırmışıq”.

Hər kəsi bayram münasibətilə təbrik edən L.Qəndilov deyib: “Hamını ümumi bayramımız münasibətilə bir daha təbrik edirəm. Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin Novruz bayramı münasibətilə dediyi “Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!” təsirli sözlərini xatırladıram”.

Qırğızıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Melis Mamadaliyev çıxışında qeyd edib ki, bu bayram bir çox ölkələrdə sülh, firavanlıq, tolerantlıq və bağışlanma arzusunun rəmzidir.

Tacikistanın Qırğızıstandakı səfiri, diplomatik korpusun duayeni Nazirmad Alizoda bildirib ki, bu bayramın yeniləşmə günü hesab edilməsi təsadüfi deyil, çünki insanlar ona əvvəlcədən hazırlaşır, evlərini təmizləyir, gözəl geyinir, bütün inciklikləri bağışlayır, ləzzətli yeməklər bişirirlər.

Məqalədə, həmçinin qeyd olunur ki, qəbulun keçirildiyi Bişkekdəki “Hyatt” mehmanxanasının böyük zalında səslənən xoş arzular, mehriban təbəssümlər, birgə fotoşəkillər, nəhəng gül buketləri, melodik və ritmik Azərbaycan rəqsləri əsl bayram ab-havası yaradırdı. Təbii ki, milli yeməklər və ləzzətli şirniyyatlar süfrələri bəzəyirdi. Bayram süfrəsinin şahı isə, təbii ki, plov idi. Əsas bəzək isə baharın, təbiətin yenilənməsinin və firavanlığın rəmzi sayılan səmənidir.

Baxış sayı: 2 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə