2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 43 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 113 saylı Qax–Şəki seçki dairəsindən Aşağı Göynük bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əbdürəhimov Sadıq Məmmədəli oğlu 2025-ci il fevralın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək dairə seçki komissiyasının qərarını mübahisələndirərək bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 113 saylı Qax–Şəki seçki dairəsindən Aşağı Göynük bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əbdürəhimov Sadıq Məmmədəli oğlunun 10 fevral 2025-ci il tarixli 43 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov