2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 41 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İsmayılov Mehman Qadir oğlu 8 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı Qərarını mübahisələndirərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
81 saylı İmişli seçki dairəsində İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd M.Q.İsmayılov müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının İmişli bələdiyyəsinə seçki keçirilən seçki məntəqələri üzrə səsvermənin saxtalaşdırıldığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirmişdir.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılıb, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Lakin o, araşdırmada və Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.
İddia edilən pozuntularla əlaqədar qeydə alınmış namizədin şikayəti 81 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Bundan əlavə nəticələri mübahisələndirilən 2, 3, 8, 10 və 11 saylı seçki məntəqələrində 21 yanvar 2025-ci il tarixli 4/13 saylı “2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı”na əsasən veb-kamera quraşdırılıb. İcraatın tərkib hissəsi olaraq veb-kamera görüntülərinə baxış keçirilib və hər hansı qanun pozuntusu müşahidə edilməmişdir.
Aparılmış icraatla müəyyən edilmişdir ki, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyası mövcud qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədlərin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.
Beləliklə, İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd M.Q.İsmayılovun müraciəti əsassız olduğundan təmin edilməməli və 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İsmayılov Mehman Qadir oğlunun 8 fevral 2025-ci il tarixli 41 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov