2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 40 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

  

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Rüstəmov Rüstəm Səttərxan oğlu, Abdullayev Ruhid Aləddin oğlu və Zeynalov Mehman Musaxan oğlu 8 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyini və 3 fevral 2025-ci il tarixli 07/30 saylı Qərarını mübahisələndirərək, bu barədə müvafiq tədbirin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Namizədlər əlavə sənəd və materialların olmadığını bildirmiş, eləcə də dəvət olunsalar da araşdırmada və Komissiyanın iclasında iştirak etməmişlər.

71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalov müraciətdə dairə seçki komissiyası tərəfindən onların şikayətinə düzgün baxılmadığını, araşdırma və komissiyanın iclasında iştiraklarının təmin edilmədiyini iddia edərək dairə seçki komissiyasının mübahisələndirilən qərarını qanunsuz hesab etmişlər.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalov dairə seçki komissiyasına müraciət edərək 3, 7, 9, 10, 11, 14 və 18 saylı seçki məntəqələrində səsvermə və səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini iddia etmiş, səsvermənin yekunlarının onların iştirakı ilə yoxlanmasını tələb etmişlər.

Həmin müraciətdə iddia edilən pozuntular dairə seçki komissiyası tərəfindən araşdırılmış, komissiyanın 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müraciətin araşdırılması ilkin icraat materiallarını və veb-kameralar vasitəsilə yayımlanan videogörüntüləri əhatə etmişdir.

Ərizəçilərin araşdırmada və komissiyanın iclasında iştirak etməsinin dairə seçki komissiyası tərəfindən təmin edilməməsi ilə bağlı iddiası həmin dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvlərindən alınan izahatlarla, aktlarla və araşdırmaya təqdim edilmiş 1 ədəd videogörüntü ilə öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalov araşdırmaya və komissiyanın iclasına dəvət olunmuş, R.S.Rüstəmov həm araşdırmada, həm də M.M.Zeynalovla birlikdə komissiyanın iclasında iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilən izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Bundan əlavə, nəticələri mübahisələndirilən 3, 9 və 11 saylı seçki məntəqələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə” 21 yanvar 2025-ci il tarixli 4/13 saylı Qərarına əsasən veb-kamera quraşdırılmışdır.

İcraatın tərkib hissəsi olaraq hər üç məntəqə üzrə veb-kameraların görüntülərinə baxış keçirilmiş və hər hansı qanun pozuntusu müşahidə edilməmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyası mübahisələndirilən qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədlərin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən Seçki Məcəlləsinin normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.

Beləliklə, Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalovun müraciəti əsassız olduğundan təmin edilməməli və 71 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Rüstəmov Rüstəm Səttərxan oğlu, Abdullayev Ruhid Aləddin oğlu və Zeynalov Mehman Musaxan oğlunun 8 fevral 2025-ci il tarixli 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Baxış sayı: 3 744

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]