Azərbaycan Respublikasında 2025-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 46-cı maddəsinin tələblərinə əsasən hər bir seçki məntəqəsi üzrə seçicilərin daimi siyahısı məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir.

Seçki Məcəlləsinin 46.4-cü maddəsinə görə daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilir.

Beləliklə, 2025-ci ilin seçici siyahılarının tərtib edilməsi işi Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılaraq yekunlaşdırılmış, onların aşağı seçki komissiyaları tərəfindən təsdiq olunması və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşdirilməsi mərhələsi başlanmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci, 46.4-cü və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında 2025-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.

2. Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilsin.

4. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və dairə seçki komissiyalarına həvalə edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr       Məzahir Pənahov


Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə