Prezident İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib  YENİLƏNİB  VİDEO

Bakı, 4 aprel, ARHD.AZ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib.

ARHD.AZ xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyini bildirdi.

Dan Yorgensen ilk növbədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ursula Fon der Lyayenə çatdırmağı xahiş etdi.

Qonaq xüsusilə bu mürəkkəb zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizlə əməkdaşlığa çox böyük önəm verirlər və bunu gələcəkdə də inkişaf etdirmək istəyirlər.

Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı COP29-un ölkəmizdə uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı həm təbii qaz, həm də yaşıl enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Bildirildi ki, Avropa İttifaqı öz imkanları çərçivəsində bu istiqamətlər üzrə əməkdaşlığa dəstək verməyi düşünür.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulandı, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirildi.

Baxış sayı: 8 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə