Ankara, 26 fevral, ARHD.AZ


Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


Ankaranın Keçiören rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə erməni təcavüzü qurbanlarının xatirəsini anma mərasimi keçirilib.

ARHD.AZ xəbər verir ki, Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir Azərbaycanın Ankaradakı səfirliyi və Keçiören rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatları, Ankarada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Keçiören bələdiyyəsinin rəhbərliyi, hərbi məktəblərin kursantları, iki qardaş ölkənin ictimai təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dualarla başlayıb.

Tədbiri giriş sözü ilə açan Keçiören rayon bələdiyyəsinin başçısı Mesut Özarslan Xocalıda baş verənləri “bəşər tarixinin utancverici səhifəsi” adlandırıb. O bildirib: “Azərbaycanın bu şəhərinin sakinləri yalnız türk, müsəlman olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər. Biz faciəni unutmayacağıq və unudulmasına imkan verməyəcəyik”.

Bələdiyyə sədri Xocalı soyqırımına bənzər faciələrin qarşısını almaq üçün türk xalqlarını birliyə, həmrəyliyə çağırıb. “Soyqırımı qurbanı olmuş azərbaycanlı qardaşların xatirəsini ehtiramla yad edirəm”, - deyə M.Özarslan qeyd edib.

Azərbaycanın Türkiyədəki səfiri R.Məmmədov, öz növbəsində, ermənilərin Türkiyə və Azərbaycan sakinlərinə qarşı törətdikləri çoxsaylı cinayətlərə diqqət çəkib.

O, bölgənin tarixində belə qanlı hadisələrin təkrarlanmaması üçün Xocalı faciəsini unutmamağa çağırıb. “Bu gün Azərbaycan Ermənistana sülh əlini uzadır və regionda uzunmüddətli sabitlik və firavanlıq üçün çalışır. Lakin bizim tariximizi unutmaq haqqımız yoxdur, biz Xocalını xatırlamağa borcluyuq”, - deyə diplomat vurğulayıb.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı Uğur Bayraktutan Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib.

“Xocalıda baş verənləri unutmayacağıq və unudulmasına imkan verməyəcəyik” deyən millət vəkili ermənilərin Türkiyə və Azərbaycanla bağlı yaydıqları yalanlara diqqət çəkib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurum türk xalqlarını bir-birinə yaxınlaşdırmaq və ortaq gündəm formalaşdırmaq məqsədi daşıyır.

“Xocalı ağrısı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının faciəsidir. Biz çalışırıq ki, gələcəkdə qanlı hadisələrin baş verməməsi üçün ölkələrimizin ictimaiyyətinə tariximizin faciəli səhifələri haqqında məlumat verək. Xocalı hadisələrində əli olanların hamısı layiqincə cəzalandırılmalıdır”, - deyən S.Raev Azərbaycan xalqına və rəhbərliyinə başsağlığı verib.

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillərin qoyulması ilə başa çatıb.

Baxış sayı: 5 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə