Bakı, 13 may, ARHD.AZ


Mayın 13-də Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə sərgi açılıb.

ARHD.AZ xəbər verir ki, tədbirdə çıxış edən Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

Diplomat bildirib ki, xalqlarımızı bir-birinə yaxınlaşdıran mədəni körpülər belə təşəbbüslərin xüsusi əhəmiyyət kəsb etməsinə səbəb olur. “Xalqlarımız 1995-ci ildən etibarən dostluq və qarşılıqlı əməkdaşlıq yolunda birləşib. Bu illər ərzində xalqlarımızın rifahı naminə bir sıra uğurlar əldə olunub. Biz ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə sadiqik. Azərbaycan–Venesuela Parlamentlərarası Dostluq Qrupu vasitəsilə bu əlaqələri daha da gücləndirmişik,” – deyə Kristofer Martinez Berroteran əlavə edib.

Azərbaycan–Venesuela Parlamentlərarası İşçi Qrupunun rəhbəri, deputat Tamam Cəfərova qeyd edib ki, ölkələrimiz arasında 30 il əvvəl qurulan dostluq əlaqələri indi də inkişaf edir.

Deputat bu inkişafın hökumətlər və parlamentlər səviyyəsində də özünü göstərdiyini deyib: “Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Venesuela Azərbaycanı Qoşulmama Hərəkatında xüsusi olaraq dəstəkləyib. Azərbaycan bu təşkilata 4 illik sədrliyi dövründə uğurla rəhbərlik edib. 2016-cı ildə keçirilən toplantıda Azərbaycanın namizədliyini Venesuela təsdiqləmişdi. İstər ikitərəfli, istərsə də çoxtərəfli formatda münasibətlərimiz daim qarşılıqlı dəstəyə əsaslanıb. Azərbaycan parlamentinin və Dostluq Qrupunun bu münasibətlərin inkişafında böyük rolu var. Bu gün burada həm mədəniyyət, həm də dostluq bayramı qeyd olunur”.

Azərbaycan–Venesuela Parlamentlərarası İşçi Qrupunun üzvü, sərginin baş rəssamı, deputat Ülviyyə Həmzəyeva sərginin hazırlanma prosesi barədə məlumat verib: “Sərgidə altı əsərim nümayiş olunur. Bundan əlavə, 55 rəssamın əsərləri də sərgilənir. Bu, böyük əmək və birlik nəticəsində ərsəyə gələn layihədir”.

Xalq rəssamı Arif Hüseynov diqqətə çatdırıb ki, sərgidə Venesuelanın həm klassik, həm də müasir rəssamlarının əsərləri yer alır.

Tədbirin sonunda Venesuela səfirliyi sərgidə iştirak edən rəssamlara sertifikatlar təqdim edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə