Biləsuvar rayonunda baş verən və beş nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı məlum olub.
ARHD.AZ xəbər verir ki, hadisə gecə saat 2 radələrində rayonun Zəhmətabad kəndi ərazisində baş verib.
Belə ki, qəza zamanı sürücü, rayon sakini, 2003-cü il təvəllüdlü Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili Cənubi Muğan su kanalına düşüb. Hadisə yerinə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Onların köməkliyi ilə avtomobildə olan 5 nəfər sudan çıxarılıb.
Avtomobildən çıxarılan bir nəfərin yaşadığı məlum olub və o, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin şəxs də vəfat edib.
Qəza nəticəsində sürücü ilə yanaşı onun bütün sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Məlumata görə, avtomobildəkilər yaxın qohumlar və dostlar olublar. Onlar Biləsuvar rayonunun Bəydili kəndinə gedirmişlər. Hadisə də bu zaman baş verib.
Qəzada ölənlərdən Vasif və Rusifin qardaş, İldırımın onların əmioğlusu, digərlərinin isə dostları olduğu bildirilir.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Qəza nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.























