
Bakı, 29 may, ARHD.AZ
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
ARHD.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika, yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq.
“Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş ediləcək”,- deyə o bildirib.
Qeyd edək ki, iyunun 2-4-də regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə keçiriləcək. “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.