
Bakı, 4 aprel, ARHD.AZ
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Almaniya biznes nümayəndələri ilə görüşüb.
Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə beynəlxalq tərəfdaşların Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, həyata keçirilən davamlı iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və ixracı ildən-ilə artır. Ölkəmizdə makroiqtisadi sabitliyin və insan kapitalının inkişafının Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirdiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, alman şirkətləri ilə əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. Həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb.
Görüşdə Azərbaycanda qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə fikir mübadiləsi aparılıb.