Bakı, 11 mart, ARHD.AZ
9-cu İstanbul Dövlət-Özəl tərəfdaşlığı Həftəsində İqtisadiyyat Nazirliyi mükafata layiq görülüb
Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və İstanbul Dövlət-özəl Tərəfdaşlığı Mükəmməllik Mərkəzinin (PPPCOE) təşkilatçılığı ilə 9-cu İstanbul Dövlət-Özəl tərəfdaşlığı Həftəsi keçirilib.
İqtisadiyyat Nazirliyindən ARHD.AZ-a bildirilib ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi sahəsində göstərilən səyləri mükafatlandırmaq məqsədilə Türkiyədə artıq 9-cu ildir keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi bu sahədə görülən işlərə görə 37 ölkənin aidiyyəti qurumları arasında qalib olaraq mükafata layiq görülüb.
Qalibin seçilməsi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflər ötən il ərzində qlobal dövlət-özəl tərəfdaşlığı tədbirlərində fəal iştirak, ölkələr arasında ikitərəfli görüşlərin təşkili, məqalələrin, tədqiqat sənədlərinin yayımlanması, dövlət-özəl layihələrinin idarə olunması, təlim proqramlarının təşkili kimi meyarları qiymətləndiriblər.