"Qarabağ"ın praktiki olaraq iki heyəti var: biri liqa üçün, digəri isə Çempionlar Liqası üçün. Daxili çempionatda rəqibləri az və zəif olduğuna görə əsas gücü avrokuboklara yönəldiblər".
ARHD.AZ xəbər verir ki, bu sözləri Azərbaycan millisinin italiyalı sabiq baş məşqçisi Canni De Byazi "Napoli"nin UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində "Qarabağ"la keçirəcəyi oyunla bağlı açıqlamasında qeyd edib.
O bildirib ki, komandadakı oyunçuların çoxu braziliyalı və afrikalıdır:
"Çünki illər ərzində keyfiyyətli, səviyyəli oyunçular gətirən bəzi agentlər və skautlar sayəsində bu tip bazara açılmağı bacarıblar. Legionerlərlə yanaşı yaxşı yerli oyunçuları da var. Hücumda oynayan Nəriman Axundzadə güclü və istedadlıdır. Azərbaycan millisində baş məşqçi olduğum zamanlarda onu milli komandaya dəvət etmişəm və əminəm ki, o, böyük potensiala malikdir. Heyətdə diqqət yetirilməli olan digər azərbaycanlı isə sol ayağı ilə cərimə meydançasından kənardan vurduğu zərbələrlə təhlükəli olan Toral Bayramovdur".
"Qurban Qurbanov uzun müddətdir "Qarabağ"dadır və klubda böyük gücə malik olan çox sakit bir insandır. O, 2008-ci ildən komandanın baş məşqçisidir və öz futbol fəlsəfəsini 4-2-3-1 taktikası ilə davam etdirir. Müdafiəçilər hücum planında böyük rol oynayırlar, hücum edən oyunçular isə cərimə meydançasında hərəkət etmək və zərbə vurmaq üçün tərs ayaqları ilə oynayırlar".
Qeyd edək ki, noyabrın 26-da "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.






















