Bakı, 24 aprel, ARHD.AZ



Aprelin 24-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr edilən elmi-praktik konfrans keçirilib.

ARHD.AZ xəbər verir ki, konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirib, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərini vurğulayıb.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. O, bu qərarın Konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolu əks etdirdiyini vurğulayıb. Ziyafət Əsgərov qeyd edib ki, 1995-ci ilin 12 noyabr tarixində qəbul olunan Konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayıb.

Ziyafət Əsgərov deyib ki, Vətən müharibəsi zamanı Prezidentin rəhbərliyi ilə bütün dövlət qurumları birlik nümayiş etdirərək beynəlxalq hüququn normalarının təmin olunmasına nail olublar. Bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı “Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun dövlət quruculuğunda yeri” mövzusunda məruzə ilə çıxış edib. Dünya ölkələrinin konstitusiya təcrübələrinə diqqət çəkən M.Qurbanlı Azərbaycanın konstitusiya tarixinə nəzər salıb. Müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasının Azərbaycan dövlətçiliyinin qarşısında duran əsas vəzifələrdən olduğunu deyən məruzəçi 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Konstitusiyanın hazırlanması işlərindən, onun geniş müzakirələrdən keçməsi və qəbulu prosesindən bəhs edib.

Sonra Konstitusiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Ceyhun Qaracayev “Azərbaycan Respublikası Konstitusiyasının keçdiyi inkişaf yolu (referendumlar)” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir” mövzusu üzrə məruzə edib. Konstitusiya qanunlarının qəbulu proseduru və qaydalarından bəhs edən Elşad Nəsirov onların konstitusiya hüququnda, konstitusion sistemdə yeri, onlara qoyulan məhdudiyyətlər, onların konstitusiya nəzarətinə cəlb edilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb.

Konfransda mövzu ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədr müavini Elşən Musayev, “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov çıxış ediblər. Çıxışçılar Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini bildiriblər, dövlətimizin əsas qanununun suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında oynadığı rolu qeyd ediblər.

Konfransın moderatoru Əli Hüseynli tədbirə yekun vuraraq vurğulayıb ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, yeni reallıqlar şəraitində qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə