“Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir”.
ARHD.AZ xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında bildirib.
“1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan siyasi-iqtisadi və digər sahələrdə mürəkkəb vəziyyətə düşüb. Ölkəmizə qarşı silahlı təcavüz dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaradıb. Belə bir şəraitdə Ümumilli Lider Heydər Əliyevin həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə imkan verib. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquq və azadlıqlarının müdafiəsi üçün təminat yaratdı. Bu mənada ölkəmizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur”, - spiker qeyd edib.
Konfransda çıxış edən Pakistan Senatının sədri Syed Yusuf Raza bildirib ki, mürəkkəb çağırışların olduğu dünyada Konstitusiya dövlət və xalq arasındakı körpü kimi təməl rolunu oynayır:
“Bu konsepsiya hər zaman millətlərin kollektiv şüuraltında fundamentdir. Azərbaycan haqqında bir məqamı diqqətə çatdırım. İlham Əliyevin nəzdində bu məsələlər, milli birlik, kimlik və sadiqlik ölkədə formalaşıb. Mən Azərbaycanı məhz Konstitusiyanın 30 illiyinə həsr olunan tədbirə görə təbrik edirəm. İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi öz dəyərlərinə sadiqliyinin nümunəsidir.
Bu gün suverenlik sınaqlarla üz-üzədir. Qlobal böhranlar bütün dünyada yayılmaqda və həmçinin yeni çağırışlar etməkdədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə addım ataq. Biz üç dövlətik – Azərbaycan, Pakistan və Türkiyə. Biz üç dövlət və bir millətik. Mən bir daha Azərbaycana ev sahibliyinə görə təşəkkürümü bildirirəm”.




















