Bakı, 12 mart, ARHD.AZ

Ötən ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4,7 milyard dollar və ya ÜDM-in 6,3 faizini təşkil edib.

Azərbaycan Mərkəzi Bankından ARHD.AZ-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin məlumatında 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur. Son qiymətləndirmələrə görə, 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Qeyd edək ki, ötən ilin sonunda hökumət hesabları qalıqlarının azalması bank sistemindəki likvidliyə artırıcı təsir edib. Bunun nəticəsi olaraq cari ilin əvvəlində banklararası pul bazarında faizlər pik (2024-cü ilin dekabrında 1D AZIR 7,68 faiz) səviyyə ilə müqayisədə azalıb. Belə ki, yanvar və fevral aylarında orta günlük 1D AZIR ötən ilin dekabr ayı ilə müqayisədə 0,6 faiz bəndi və 0,2 faiz bəndi az olub. Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir. 2025-ci ilin fevral ayında daimi imkan və açıq bazar əməliyyatlarının aparılması şərtlərində dəyişikliklər edilib. Belə ki, bir günlük daimi imkan depozit və əks-repo əməliyyatların müddəti 24 saatdan 1 gecəliyə keçirilib. Eyni zamanda not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb.

Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.

Baxış sayı: 4 573

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə