Vatikan, 9 may, ARHD.AZ


Ötən gün Papa XIV Leonun Roma Katolik Kilsəsinin rəhbəri seçilməsi ilə insanlar Vatikanın Müqəddəs Pyotr meydanına axın edirlər.

ARHD.AZ xəbər verir ki, müxtəlif ölkələrindən olan insanlar meydana toplaşaraq yeni Roma Papasının seçilməsi münasibətilə dualar edir, yeni pontifikin şərəfinə şüarlar səsləndirirlər. Dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsini böyük coşqu ilə qarğılayır.

Seçki prosesini işıqlandırmaq üçün 5300-dən çox jurnalist akkreditasiyadan keçib. Meydanın bir hissəsində isə media nümayəndələri üçün xüsusi zona ayrılıb. Dünyanın hər yerindən gələn jurnalistlər burada öz fəaliyyətlərini həyata keçirirlər. Ərazidə minədək könüllü fəaliyyət göstərir.

Xatırladaq ki, mayın 8-də Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə üçüncü səsvermə nəticəsində ABŞ-dan olan 69 yaşlı kardinal Robert Fransisk Prevo Roma Katolik Kilsəsinin yeni rəhbəri (267-ci) seçilib. O, Papa XIV Leo adını seçib. Yeni Papa Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfərlik izdiham qarşısında çıxış edib. Papa XIV Leo çıxışında dünyada sülh üçün çağırış edib, körpülərin dialoq yolu ilə qurulmasının vacibliyini vurğulayıb.

Robert Fransisk Prevo əslən ABŞ-dan olan ilk Papa kimi tarixə düşüb. O, 1955-ci il sentyabrın 14-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Uzun illər Peruda xidmət edib, 2014-cü ildə mərhum Papa Fransisk tərəfindən Perunun Çiklayo şəhərinə yepiskop təyin olunub. 2023-cü ildən Müqəddəs Taxt-Tacda Yepiskoplar üzrə Dikasterin Prefekti, Latın Amerikası Komissiyasının rəhbəri təyin olunub, həmin il kardinal rütbəsinə yüksəldilib. XIV Leo yoxsullara münasibəti və immiqrasiya siyasəti baxımından mərhum Papa Fransisklə oxşar fikirlərə malikdir. Yeni Roma Papası ingilis, ispan, italyan, fransız və portuqal dillərini mükəmməl bilir, latın və alman dillərində oxumağı bacarır, tennis həvəskarıdır.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə