Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Bakı, 23 iyul, ARHD.AZ




Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb


“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.

Müsabiqənin işçi qrupundan ARHD.AZ-a bildirilib ki, final mərhələsində iştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 faizi dövlət, 57.14 faizi özəl sektorda çalışır.

Müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunub. Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eyni zamanda, bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Fevralın 28-də qeydiyyatına start verilmiş beşinci “Yüksəliş” müsabiqəsinə 16 min 553 iştirakçı müraciət edib.

Baxış sayı: 6 571

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə