
Bakı, 15 may, ARHD.AZ
Hər bir xalqın ən qiymətli sərvəti onun keçmişini bu günə, bu gününü isə sabaha daşıyan milli-mənəvi dəyərləridir. Tarixən zəngin mədəniyyətə və dərin köklərə malik olan Azərbaycan xalqı öz milli ruhunu yaşadan bu dəyərləri daim qoruyub saxlayıb, nəsildən-nəslə ötürüb. Bu baxımdan milli-mənəvi dəyərlərimizin təhsildə rolu və gənc nəslin formalaşmasında mövqeyi olduqca mühüm əhəmiyyət kəsb edir.
ARHD.AZ xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev mayın 15-də “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, qloballaşma çağında milli kimliyin və ailə institutunun sarsıldığı bir dövrdə Azərbaycanın yeni reallıqlar fonunda milli-mənəvi dəyərlərini qorumaqla gələcəyə inamla addımlaması təsadüfi deyil: “Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bu sahədə dönüş nöqtəsi yarandı, milli-mənəvi sərvətlərimizin təbliği və təhsildə tətbiqi istiqamətində ardıcıl dövlət siyasəti formalaşdı. Bu gün ölkəmizdə aparılan siyasət milli dəyərlərimizin yalnız qorunması ilə kifayətlənmir, həm də onların təhsil müstəvisində öyrənilməsi və gələcək nəsillərə aşılanması üçün geniş imkanlar yaradır. Müstəqilliyin bərpasından sonra Azərbaycançılıq ideologiyası çərçivəsində gənclərə öz tarixi, soykökü, mədəniyyəti və dəyərləri haqqında dərin biliklər verilməsi dövlətin əsas prioritetlərindən birinə çevrilib”.
“Eyni zamanda vurğulamaq vacibdir ki, təhsilin müasir texnologiyalarla zənginləşdirilməsi, innovativ metodlarla tədrisin təşkili zəruridir. Ancaq bu proses milli-mənəvi baza üzərində qurulmalıdır. Milli dəyərlərlə zənginləşdirilmiş təhsil sistemi həm savadlı, həm də kimliyinə sadiq gənclər yetişdirməyə xidmət edir. Bu istiqamətdə Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Fondun milli-mənəvi dəyərlərin beynəlxalq aləmdə tanıdılması və qorunması sahəsində gördüyü işlər hər bir azərbaycanlıda fəxarət hissi doğurur”, - deyə E.Babayev əlavə edib.