
Bakı, 14 aprel, ARHD.AZ
Bakı Dövlət Universitetində (BDU) İspaniya universitetlərinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə ARHD.AZ-a BDU-dan bildirilib.
Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia, Təhsil proqramları şöbəsinin müdiri Gilberto Terente, İspaniya Krallığının Elm, İnnovasiya və Universitetlər Nazirliyinin nümayəndəsi xanım Ana Kornejo Roman və Jaen Universitetinin beynəlmiləlləşmə üzrə transversal katibliyinin direktoru Karmen Conti-Jimenez iştirak ediblər.
Prorektor Şahin Pənahov qonaqlara BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Son illər universitetin nüfuzlu dünya reytinqlərində, elmi tədqiqatlar istiqamətində uğurlarından söz açıb. BDU-nun dünyanın tanınmış elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirdiyini, bu məqsədlə də İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Qonaqlar İspaniya universitetlərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb, birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüşdə elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi, elmi konfransların təşkili, tələbə mübadiləsi kimi məsələlər müzakirə olunub.