Bakı, 27 may, ARHD.AZ
Azərbaycan öz zəngin dini müxtəlifliyi, multikulturalizm ənənələri və tolerantlıq siyasəti ilə beynəlxalq aləmdə nümunəvi ölkə kimi tanınır. Ölkəmizdə müxtəlif dini icmalar sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayır, dövlət bu müxtəlifliyi qorumaq və inkişaf etdirmək üçün davamlı ardıcıl addımlar atır. Eyni zamanda, Azərbaycanda islamofobiyaya qarşı prinsipial mövqe nümayiş olunur, bu mənfi tendensiyaların qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirilir.
ARHD.AZ xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən səsləndirib.
Şeyxülislam bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İslam mədəniyyəti, dini dəyərlər və dini azadlıqlar daim yüksək səviyyədə qorunur və təşviq olunur. Azərbaycanın bu sahədə tutduğu mövqe, eyni zamanda, İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı ardıcıl addımlar digər ölkələr üçün nümunə təşkil edir.
Allahşükür Paşazadə, həmçinin Qərb ölkələrində islamofobiya hallarının narahatedici dərəcədə artdığını qeyd edərək, belə meyillərə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb. Azərbaycanın dünyaya təqdim etdiyi multikultural dəyərlər və dini dözümlülük modeli bu istiqamətdə mühüm nümunə kimi qiymətləndirilib.