Quba, 18 aprel, ARHD.AZ
Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə aparan yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşıb. Buna səbəb hazırda Quba-İspik-Xınalıq avtomobil yolunun 37-50-ci kilometrliklərində yolun hərəkət hissəsində 1 metrə qədər qar kütləsinin olmasıdır. Bununla yanaşı, müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb.
Quba-Xınalıq yoluna alternativ olan Quba-Alpan-Xınalıq yolu da hazırda qar örtüyünün çox olması səbəbindən bağlıdır.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov ARHD.AZ-ın bölgə müxbirinə bildirib ki, hazırda müvafiq qurumların əməkdaşları tərəfindən yolun açılması və Xınalıq istiqamətində yerləşən kəndlərlə nəqliyyat əlaqəsinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
“Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə baxış keçirib. Xınalıq istiqamətində hər iki yolda böyük qar kütləsi var. Yolların açılması üçün dünəndən iş aparılır. Elektrik təsərrüfatına da ziyan dəyib. Rayonda 100-ə yaxın elektrik dirəyini sel suları aparıb. Hazırda rayonun 90 faiz yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunub. Yolları da qısa zamanda açmağa çalışırıq”, - deyə Tariyel İbrahimov söyləyib.