Bakı, 6 mart, ARHD.AZ


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Açıq qapı” günü keçirib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “1542” Çağrı mərkəzində "Açıq qapı" günü keçirib.

ARHD.AZ xəbər verir ki, tədbir media və vətəndaş cəmiyyəti nümayəndələrini qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaq, həmçinin təqdim olunan yeni xidmətlər barədə məlumatlandırmaq məqsədi daşıyıb.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, media ilə şəffaf və effektiv kommunikasiyanın qurulması qurumun fəaliyyəti barədə operativ və dəqiq məlumatın verilməsinə imkan yaradır: “Hər il media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü təşkil edirik. Bu təşəbbüsün əsas məqsədi media ilə əməkdaşlığımızı daha da möhkəmləndirmək, fəaliyyətimizi şəffaflıq prinsiplərinə uyğun olaraq təqdim etmək, agentliyin iş prosesi ilə yaxından tanışlıq yaratmaq və yeni xidmətlərimiz barədə ətraflı məlumat verməkdir. Agentlik olaraq hər il inkişaf edirik və xidmətlərimizi davamlı olaraq təkmilləşdiririk. Çağrı mərkəzinin də fəaliyyətində bir sıra yeniliklər həyata keçirilib”.

Tədbirdə Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova iştirakçılara müraciətlərin cavablandırılması prosesi və tətbiq olunan yeniliklər barədə məlumat verib: “2024-cü il ərzində ümumi zəng sayı 372 min 114 olub. Vətəndaşlar mərkəzə zəng etdikdə ortalama olaraq 15 saniyə xətdə gözləyiblər. Zənglərin 90,49 faizi 30 saniyə ərzində cavablandırılıb. Daxil olan müraciətlərin 107 min 653-ü müayinə və müalicə, 93 min 252-si göndərişlər, 17 min 165-i dərman vasitələri və tibbi sərflə təminat, 8 min 351-i müharibə iştirakçıları ilə bağlı olub. Bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavablandırılıb”.

“1542” Çağrı xidmətinin 24/7 fəaliyyət göstərdiyinə diqqət çəkən N.Ramazanova qeyd edib ki, 45 nəfər əməkdaşdan ibarət Çağrı mərkəzi xidməti əməliyyat qrupu, araşdırma qrupu və dəstək qrupundan ibarətdir: “Zənglər həm canlı rejimdə, həm də aylıq qiymətləndirmə məqsədilə mütəmadi olaraq dinlənilir, aşkar olunan nöqsanlarla bağlı əməkdaşlar təlimatlandırılır.

Həmçinin vətəndaşların xidmətə əlçatanlığını daha da artırmaq məqsədilə agentliyin rəsmi internet saytında yeni “Onlayn çat” xidməti istifadəyə verilib. Bura daxil olan vətəndaş müraciətləri, sorğular fasiləsiz (24/7) cavablandırılır. Cavablandırmada bot və ya süni intellekt tətbiq edilmir, agentliyin Çağrı mərkəzinin operatorları tərəfindən bütün müraciətlər cavablandırılır. “Onlayn çat” xidmətində 10 təmsilçi fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir. Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə 7 min 500-dən çox vətəndaş müraciəti cavablandırılıb”.

N.Ramazanova xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusunun tətbiq olunmağa başladığına diqqət çəkib: “Vətəndaşlar bunun sayəsində zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilirlər. Aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin dekabrından bu günə qədər vətəndaşların 88 faizi göstərilən xidmətdən məmnun qaldığını bildirib.

Xidmətimizə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan müraciətlər xüsusi qeydə alınır. Bu cür sorğu və şikayətlər araşdırma qrupu tərəfindən detallı şəkildə araşdırılır və daha sonra vətəndaşlara cavab təqdim olunur. Eyni zamanda, müraciət edən şəxslərin araşdırma prosesindən və nəticəsindən məmnun qalıb-qalmadıqlarını öyrənmək üçün onlarla yenidən əlaqə saxlanılır və vətəndaş rəyləri sistemli şəkildə qeydiyyata alınır”.

“Açıq qapı” günü iştirakçıların suallarının cavablandırıldığı interaktiv sessiya ilə yekunlaşıb.

Baxış sayı: 5 535

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə