"Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və müvafiq qanunvericiliyinin sərtləşdirilməsi ondan xəbər verir ki, bu ölkədə qanunsuz miqrasiya ilə mübarizə şüarı altında çox sərt siyasət yürüdülür. Bu da istər-istəməz, xüsusən postsovet ölkələrindən Rusiyaya səfər edən insanlar üçün ciddi çətinliklər yaradır".
Bu sözləri ARHD.AZ -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
"Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon civarında azalıb.Təbii ki, Azərbaycan vətəndaşlarının da Rusiyaya səfərləri azalıb. Hazırda Rusiyaya istənilən formada səyahət sərt prosedurlarla müşayiət olunur. Hətta Rusiya sərhədçiləri səyahət edənlərə giriş izni versə belə, Federal Miqrasiya Xidmətinin əməkdaşları "stop" qoya bilir", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı uzun illər müxalifətin, onun orbitində olan QHT-lərin, ekspertlərin, jurnalistlərin və digərlərinin manipulyasiya predmeti olub:
"Xüsüsi ilə hər bir seçki dövründə guya 2 milyondan artıq azərbaycanlının Rusiyada yaşadığı və onların səslərinin saxtalaşdırıldığı, yaxud insanların ölkədə yaşaya bilməməsi və buna görə də qazanc dalınca Rusiyaya üz tutduğu iddiaları irəli sürülürdü. Bu məsələ bəzən Rusiyada müəyyən dairələrin Azərbaycana qarşı təzyiq vasitəsi olunub. Elə hazırda həbsdə olan AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın digər radikal partiyaların nümayəndələri, özünü müxalifət adlandıranların manipulyasiya obyektinə çevirilmişdi. Onlar bundan istifadə edərək Azərbaycan ictimaiyyətini çaşdırmağa çalışırdılar".
"Ancaq indi bəlli olur ki, bütün deyilənlər ağ yalandır və hakimiyyətin həyata keçirdiyi siyasəti gözdən salmaq, ölkədə vəziyyəti olduqca bədbin tonda təqdim etmək məqsədilə uydurulub və şişirdilibmiş. Yeni qaydalar xarici ölkə vətəndaşlarında Rusiyaya səfər etməklə bağlı tərəddüdlər yaradır. Bu, çox sərt qaydalardır və nəticə etibarı ilə insanlar yenə də qeyri-müəyyən vəziyyətə düşmüş olurlar. Əvvəlki illərdə nisbətən daha sərbəst səfərlər və əmək fəaliyyəti ilə məşğul olmaq mümkün idi. İndi demək olar ki, qeyri-mümkündür. Üstəlik, miqrant ailələrindən olan uşaqların məktəbə götürülməsində də məhdudiyyətlər tətbiq olunur. Şəxs rus dilini bilmirsə, məktəbə yolu bağlıdır. Bu kimi şərtlər istər-istəməz miqrantlar üçün Rusiyanı cəlbedici ölkələr siyahısından çıxarır. Rusiyada hazırda qalıb yaşayan azərbaycanlıların da geriyə dönüş tendensiyasının artdığını söyləmək olar. Rusiyada vəziyyətin daha da ağırlaşması isə oranı tərk edən soydaşlarımızın sayının daha da artmasına gətirib çıxaracaq", - parlamentari fikrini yekunlaşdırıb.






















