![USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL](https://azertag.az/files/2025/1/1200x630/1739018720564375696_1200x630.jpeg)
Bakı, 8 fevral, Hikmət Əhmədov, ARHD.AZ
USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL
1961-ci ildə ABŞ-ın Demokratlar Partiyasından olan Prezident Con Kennedi tərəfindən yaradılan Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəsmi olaraq “humanitar yardım və inkişaf” layihələrini dəstəkləyən qurum kimi fəaliyyətə başlamışdı. USAID soyuq müharibə dövründə ABŞ-ın xarici siyasətinin əsas alətlərindən biri olub. ABŞ hökumətinin xarici siyasətinin yumşaq güc (soft power) vasitələrindən biri kimi istifadə edilən bu təşkilatın fəaliyyəti bəzən ciddi mübahisələrə səbəb olur. Son illərdə USAID-in maliyyələşdirdiyi layihələr və müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar onun məqsədləri, qlobal təsiri barədə geniş müzakirələrə və narazılıqlara yol açıb.
ARHD.AZ bununla bağlı təhlil yazısını təqdim edir.
Məlumatlara görə, USAID dünya üzrə 707 media qurumu, 6200 jurnalist və jurnalistika sahəsində fəaliyyət göstərən 279 qeyri-hökumət təşkilatını maliyyələşdirib. Bu rəqəmlər media müstəqilliyi və informasiya təhlükəsizliyi baxımından ciddi suallar doğurur. Xüsusilə də informasiya müharibəsinin artdığı indiki dövrdə müxtəlif ölkələrdə ictimai rəyin formalaşdırılmasına bu maliyyə axınının hansı təsirləri olduğu ciddi araşdırma tələb edir.
USAID, xüsusilə mədəniyyət və gender məsələlərinə guya diqqət ayıran layihələr həyata keçirir. Əslində, bu cür layihələr bəzi ölkələrdə ABŞ-ın ideoloji təsirini yaymaq və qlobal sosial dəyişikliklərə səbəb olmaq məqsədi güdür. Misal olaraq, Kolumbiyada transgender operası və Peruda transgender komiksləri maliyyələşdirilib. Bəzi ekspertlər bu cür layihələri ABŞ-ın mədəniyyət və gender siyasətini qlobal miqyasda yaymaq cəhdləri kimi qiymətləndirirlər. Bu, USAID-in yalnız inkişaf deyil, həm də ABŞ-ın ideoloji təsir aləti kimi fəaliyyət göstərdiyini göstərir.
Azərbaycan kontekstində isə USAID-in fəaliyyəti daha əvvəllər də müzakirə mövzusu olub. Xüsusilə, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq müxtəlif dövrlərdə - 44 günlük Vətən müharibəsinin gedişi zamanı, Laçın yolundakı ekoloji aksiyalar və COP29 ərəfəsində beynəlxalq mediada aparılan kampaniyalar USAID-in təsir mexanizmlərinin Azərbaycana yönələn tərəflərini gündəmə gətirib və təşkilata qarşı mənfi imic formalaşdırıb.
USAID-in maliyyələşdirdiyi mübahisəli layihələr
Ağ evin yaydığı son məlumatlara əsasən, USAID-in müxtəlif ölkələrdə maliyyələşdirdiyi layihələr ciddi tənqidlərə səbəb olub. Bu layihələr arasında aşağıdakı nümunələr xüsusilə diqqət çəkir:
Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrələrin alınması – bu sistemin narkotik istehsalında daha çox istifadə edildiyi bildirilir. USAID-in kənd təsərrüfatı sahəsində apardığı inkişaf layihələrinin qeyri-leqal iqtisadiyyata xidmət etməsi ehtimalı ciddi narahatlıq doğurur.
“Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması – bu iddia USAID-in resurslarının necə idarə edildiyinə dair suallar yaradır. Beynəlxalq yardımların humanitar məqsədlərlə ayrıldığı bildirilsə də, bəzi mənbələr bu yardımların terror qruplaşmalarına da çatdığını iddia edir.
İrlandiyada LGBT myuzikl və Serbiyada inklüzivliyin irəlilədilməsi (1.5 milyon dollar) – USAID-in əsas missiyası inkişaf və humanitar yardım olsa da, onun resurslarının sosial mühəndislik məqsədləri üçün istifadə olunduğu iddiaları var.
Vyetnam üçün elektromobillərə 2.5 milyon dollar, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığına 2 milyon dollar ayrılması – İnkişaf etməkdə olan ölkələrdə gender və ətraf mühit məsələləri üzərində diqqətin artırılması müəyyən dairələr tərəfindən ABŞ-ın ideoloji təsir aləti kimi qiymətləndirilir.
Misirdə turizmin maliyyələşməsinə 6 milyon dollar ayrılması – Bəzi ekspertlər bu tip yardımların ABŞ-ın geosiyasi maraqlarına xidmət etdiyini bildirirlər.
İnkişaf etməkdə olan ölkələrdə personallaşdırılmış kontraseptivlərin maliyyələşdirilməsi – Bu cür layihələr isə ABŞ-ın əhali siyasətinə və qlobal demoqrafik trendlərə təsir etmək cəhdi kimi dəyərləndirilir.
Bu layihələr USAID-in qlobal siyasət və sosial mühəndislikdə oynadığı rolu daha da aydınlaşdırır. Bəzi ekspertlər hesab edirlər ki, USAID yalnız inkişaf layihələri üçün deyil, həm də ABŞ-ın ideoloji və geosiyasi maraqlarını həyata keçirmək üçün bir mexanizm kimi fəaliyyət göstərir.
Azərbaycan və USAID: Fəaliyyətin məhdudlaşdırılması
Bu tənqidlər fonunda bəzi ölkələr USAID-in fəaliyyətini yenidən nəzərdən keçirib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ilin iyun ayından etibarən USAID-in Azərbaycandakı fəaliyyətinin de-yure dayandırıldığını bildirib. Nazirin sözlərinə görə, USAID-in yardımları əsasən ABŞ-ın maraqlarına xidmət etdiyindən, rəsmi Bakı bu təşkilatla əməkdaşlığın dayandırılması qərarına gəlib.
USAID-in ölkəmizdəki fəaliyyətinə daha öncə də məhdudiyyətlər qoyulmuşdu. 2020-ci ildə Qarabağ müharibəsi zamanı təşkilatın Ermənistana humanitar yardım adı altında külli miqdarda vəsait ayırması haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq yaratmışdı. Üstəlik, 2013-cü ildə USAID-in yerli QHT-ləri maliyyələşdirməsi və bu prosesin şəffaf olmaması Azərbaycan Hökumət tərəfindən araşdırılmışdı.
ABŞ-ın geosiyasi oyunçusu, yoxsa..?
USAID təkcə inkişaf yardımları göstərən bir qurum deyil, eyni zamanda, ABŞ-ın qlobal təsir strategiyasının aləti kimi çıxış edir. ABŞ hökuməti bu qurum vasitəsilə müxtəlif ölkələrdə ictimai rəyə təsir göstərmək, hökumətlərə təzyiq etmək və ideoloji gündəmini yaymaq üçün mexanizmlər qurur.
Xüsusilə, Samanta Pauerin rəhbərliyi dövründə USAID-in fəaliyyəti ilə bağlı narazılıqlar artıb. Təşkilatın fəaliyyəti haqqında aparılan araşdırmalar onun maliyyə qeyri-şəffaflığı, qeyri-hökumət təşkilatlarına seçici yanaşması və müəyyən ideoloji meyarlara əsaslanan layihələri maliyyələşdirməsi ilə bağlı iddiaları gücləndirib.
Onu da qeyd etmək yerinə düşər ki, ABŞ Prezidenti Donald Tramp da bu təşkilatın bağlanmasını istəyir. Sosial mediada USAID-in bağlanması barədə çağırış edən Tramp deyib: “Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!”.
USAID-in fırıldaqçılıqla məşğul olduğuna diqqət çəkən Tramp əlavə edib: “Bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənir. Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey”.
Məşhur amerikalı milyarder İlon Mask da USAID haqqında sərt ittihamlar səsləndirib. USAID-i “cinayətkar təşkilat” adlandıran Mask, həmçinin Agentliyin koronavirus və bioloji silahların hazırlanmasına vəsait ayırdığını deyib.
Bəzi ölkələr, o cümlədən Macarıstan, Rusiya və Türkiyə artıq USAID-in fəaliyyətinə məhdudiyyətlər tətbiq ediblər. Azərbaycan da bu ölkələr sırasına qoşularaq informasiya təhlükəsizliyi və suverenlik baxımından daha sərt siyasət yürütməlidir. Bu məhdudiyyətlər, digər ölkələr tərəfindən USAID-in qeyri-şəffaf və geosiyasi məqsədlərlə istifadə olunduğu qənaətini gücləndirib.
Bundan sonra USAID-in strategiyası dəyişəcəkmi? Yoxsa, ABŞ bu qurumu yenə də qeyri-rəsmi təsir vasitəsi kimi istifadə edəcək? Bu suallar hələ də açıq qalır.
Bir sözlə, USAID-in fəaliyyəti onun rəsmi missiyası ilə reallıq arasında fərqləri ortaya qoyur. Humanitar yardım və inkişaf adı altında müəyyən ölkələrə ideoloji təsirin göstərilməsi, yerli mediaya və QHT-lərə təsir imkanlarının genişləndirilməsi USAID-in əsas funksiyalarından biri kimi görünür. Bu vəziyyət Birləşmiş Ştatların geosiyasi maraqlarını həyata keçirmək üçün yeni strateji təzyiq mexanizmlərinin formalaşdırılmasına gətirib çıxara bilər. Ona görə də, Azərbaycan üçün əsas vəzifə, bu təsirlərə qarşı daxili informasiya təhlükəsizliyini gücləndirmək, vətəndaş cəmiyyətini müstəqil inkişaf etdirmək və xarici təsirlərdən müdafiə olunmaqdır.
USAID-in fəaliyyəti gələcəkdə daha şəffaf və hesabatlı olmalıdır. Əks halda, bu təşkilat yalnız ABŞ-ın geosiyasi oyunçusu kimi qəbul ediləcək və bir çox ölkələrdə onun təsiri daha da məhdudlaşdırılacaq.