DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir



"Hazırda milli təhlükəsizliyimizin başında məhz Azərbaycan dövlətinə qulluq edən, dövlətimizi qoruyan DTX dayanıb. Onlar öz işlərinin öhdəsindən çox operativ, peşəkarcasına gəlirlər”.

Hər bir dövlətin sabit inkişafı, suverenliyinin əsas təminatı onun milli təhlükəsizlik sisteminin səviyyəsindən daha çox asılıdır. Milli təhlükəsizlik sistemi cəmiyyətdə mühüm funksiyalar yerinə yetirir. Milli təhlükəsizlik sisteminin əsas məqsədi və ali mənası-cəmiyyətin azad inkişafı və çiçəklənməsidir. Milli təhlükəsizlik sistemi ümumilikdə dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən bir mühafizə sistemi kimi nəzərdən keçirilə bilər. Çünki milli təhlükəsizliyə olan həm daxili, həm də xarici təhdidlər təkcə dövlətə qarşı deyil, həmçinin cəmiyyətə və şəxsiyyətə qarşı yönəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin obyekti kimi əsas yerlərdən birini də dövlət tutur. Dövlət millətin iradəsinin ifadəçisi olaraq cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Milli təhlükəsizlik sistemində dövlətin təhlükəsizliyi onun təsisatlarının səmərəli fəaliyyətindən daha çox asılıdır. Bu təsisatların fəaliyyəti təkcə dövləti deyil, şəxsiyyəti və cəmiyyəti də potensial təhlükələrdən qoruyur. Daha konkretləşdirsək, dövlət həm özünü, həm də cəmiyyəti və şəxsiyyəti potensial təhdidlərdən qorumaq üçün milli təhlükəsizlik sistemi formalaşdırır. Dövlətin milli təhlükəsizlik strategiyasının əsas məqsədi konkret konstitusiyalara və məlum beynəlxalq normalara uyğun olaraq vətəndaşların hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Daha geniş ifadə etsək. milli təhlükəsizlik strategiyası ölkənin həyati vacib maraqlarını, müstəqilliyinin təminatını, ərazi bütövlüyünü, siyasi sabitliyini və möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili və xarici təhdidlərdən mühafizə etməklə, elmi surətdə qəbul edilmiş qanunlar əsasında həyata keçirilir.

Heç şübhəsiz ki, ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının tarixən qonşu Ermənistan tərfindən vaxtaşırı hərbi təxribatlara, terror aktlarına məruz qalmasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.

Terrorizmlə mübarizənin əsas faktorları, terrorizmi qadağan edən qanunları və beynəlxalq müqavilələri davam etdirmək və gücləndirmək üçün ortaya qoyacaq diplomatik səyləri və terrorizmin maliyyə mənbələrini tapıb məhv etmək üçün keçiriləcək iqtisadi əməkdaşlığı əhatə edir. Bu fəaliyyətlərdən əlavə, terrorçu fəaliyyətləri ilə bağlı kəşfiyyat mübadiləsi və ölkələrin təhlükəsizlik qüvvələrinin sərhəd xətləri boyunca reallaşdıracaqları birgə əməliyyatları ehtiva edən təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə də ehtiyac var. Bu ehtiyacların yerinə yetirilməsi üçün, rəsmi yaşayışı təmin edən, koordinasiya olunma və səylərin birləşdirilməsini təmin edən beynəlxalq təşkilatlar, terrorizmlə mübarizədə təsirli təşkilatlardır.

Beynəlxalq təşkilatlar terrorizmlə mübarizədə həlledici rola malikdir, belə ki, bu təşkilatlar, dövlətlərin fərdi səylə çata bilməyəcəkləri məlumata çata bilərlər və terrorizmlə mübarizədə olmazsa olmaz bir şərt olan beynəlxalq ictimaiyyət dəstəyini asanlıqla əldə edə bilirlər. Terrorizmlə mübarizə, bir tərəfdən çoxdan həyata keçirməyə qoyulmuş planların əldə edilməsi, digər tərəfdən kəşfiyyatın inkişaf etdirilməsi və terrorçuların aksiyalarda istifadə etdiyi vasitələrə gedən yolun bağlanması addımları ilə bərabər zamanlı olaraq aparılmalıdır. Bütün bu hədəflərin müqavimətli və möhkəm beynəlxalq təşkilati bir quruculuq olmadan yerinə yetirilməsi qeyri-mümkündür. Terrorizm təhlükəsinə qarşı hər bir dövlətin yalnız özünə barrikada qurması işə yaramır. Terrorizmin kökünə yönəltmə olmur və hərbi imkan və qabiliyyətlərin yanında siyasi-iqtisadi alətləri özündə birləşdirən bütöv bir yanaşma içərisində qlobal bir strategiyanın qəbul edilməsi lazımdır.

Başqa sözlə, terrorizmlə mübarizə, dövlətin təhlükəsizliyi və suverenliyi ilə bağlı həssas bir haldır. Çünki terror təşkilatları, ifadələrində bazasında silahlı mübarizə vasitə olaraq istifadə etdiklərini və dövlətdən siyasi, sosial, mədəni və digər sahələrdə addım atmasını gözlədiklərini iddia etsələr də, davamlı olaraq gücdən qidalanır və dövlətləri, öz zorakılıq şəraitlərinə çəkməyə çalışaraq dövlətin legitimliyini sual altına qoymaq istəyirlər. Bu səbəblə, siyasi bir fakt olsa da, terrorizmə qarşı mübarizə demokratik bir sistem içərisində hüquqi üsullarla aparılmalıdır.

 Azərbaycan DTX-sı öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgədə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür. Xatırladım ki, bir müddət bundan öncə “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Və təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir.

Heç şübhəsiz, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminində DTX-nın üzərinə böyük iş düşür. Bugünə qədər ölkəmizdə terrorizmə qarşı aparılan uğurlu mübarizə onu göstərir ki, DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir, antiAzərbaycan qüvvələrinin təxribat xarakterli əməllərinin qarşısını qətiyyətlə alır. DTX 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlara imza atıb. Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. Təsadüfi deyil ki, nə 44 günlük Vətən müharibəsi dönəmində, nə də postmüharibə dönəmində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını elə ilkin etabda – hazırlıq mərhələsində aldı, düşmən qüvvələrə əl-qol açmağa imkan vermədi. Bu, bir daha DTX-nın peşəkarlığından, onun mövcud situasiyanı tam şəkildə nəzarətdə saxladığından xəbər verir.


Xüsusi xidmət orqanlarımızda cənab prezidentin apardığı islahatlar olduqca vacib və əhəmiyyətli idi. Bu islahatlar xüsusi xidmət orqanlarının fəaliyyətini daha çevik şəkildə qurmağa, onun peşəkarlığını, hadisə və proseslərə müdaxilə imkanlarını genişləndirməyə imkan verdi.

General Əli Nağıyevin DTX rəhbərliyi ilə xüsusi xidmə orqanlarımızın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu qurumla bağlı həyata keçirilən kadr və eləcə də struktur islahatları qısa zamanda öz müsbət nəticəsini verdi. DTX sadəcə regionda deyil, bütün dünyada öz peşəkarlığı ilə diqqət çəkən xüsusi xidmət orqanı kimi tanındı. Bu gün DTX eyniylə Azərbaycan Ordusu kimi sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. DTX-nın peşəkarlığı beynəlxalq ekspertlər, digər ölklərin xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu isə bizdə haqlı olaraq qürur hissi doğurur.

– Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. Bu tarixən belə olub. Dünyada ilk dövlətlər qurulanda da casusluq, xəbər çatdırma, kəşfiyyat bu gündən baxanda bəzən primitiv təsir bağışlasa da istənilən dövlətin ilk strukturlarından olub. Bu gün isə dünya informasiya ilə idarə olunur, informasiya ilə dünyanın təhlükəsizliyi qorunur, ona görə də böyük dövlətlərin hələ yalnız kəşfiyyata ayırdığı illik vəsait on milyardlarla hesablanır. Təbii ki, Azərbaycan Respublikasının da xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin, dövlətçiliyin ən vacib strukturu hesab edilir.
Adətən, xüsusi xidmət orqanının fəaliyyəti məxfiliyə görə çox açıqlanmır, KİV-də nadir hallarda hansısa yekunlaşmış işlər barədə məlumatlar verilir. General-leytenant Əli Nağıyev'in DTX-ya rəhbərlik etdiyi illərdə cəmiyyətin görmək istədiyi bir xüsusi xidmət orqanının fəaliyyəti kimi dəyərləndiririk. Bütün ölkənin  gözü qarşısında baş verən anti korrupsiya əməliyyatları, yüksək vəzifəli məmurların – icra başçılarının, nazirlərin, hərbi generalların, yerli idarəetmə orqanlarına rəhbərlik edənlərin ifşası qısa müddətdə sübut etdi ki, dövlətin təhlükəsizliyini təhdid edən korrupsiya və rüşvətə qarşı ən yaxşı mübarizəni, məhz DTX aparır. Təbii ki, bu uğurun qazanılmasında xidmət rəsinin rolu yüksəkdir. Onun gördüyü işlərin təbii ki, hamısı olmasa da, müəyyən hissəsi göz önündədir və ən əsası bu fəaliyyət cəmiyyət tərəfindən də müsbət qiymətləndirilir. Bu işlərin qüsursuz həyata keçirilməsi DTX-nın əməliyyat heyətinin və onlara rəhbərlik edən şəxsin daha peşəkar olması ilə əlaqədardır. Texnikanın yerləşdirilməsi, götürülməsi, nəzarət olunması, şahid bazası və sairə tədbirlər sadə məsələlər deyil. Bu ilk şərtdir. 
 DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə. Yeni rəhbərlik peşəkar kadrların hazırlanmasına xüsusi önəm verir, xidmətin Akademiyasının rəhbərliyi dəyişdirilib, çünki qarşıya qoyulan təhlükəsizlik məsələləri yalnız peşəkar heyətlə həyata keçirilə bilər.
DTX-nın keçirdiyi əməliyyatlar haqqında xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin zamanında yaydığı məlumatların da peşəkarcasına hazırlandığı xüsusi qeyd edilməlidir. Şaiyələrə, yalanlara imkan vermədən bir neçə mərhələdə informasiyanın ictimaiyyətə çatdırılmasına yəqin fikir vermisiniz. Əməliyyat keçirilməsi haqqında ilkin məlumatən yayılması, ardınca əməliyyatın necə keçirilməsi haqqında detallı videomaterialların çatdırılması da sübut edir ki, bu istiqamətdə də xeyli irəliləyiş var. Sonda Dövlət Təhlükəsizlik Xidmətinin bütün kollektivinə Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək yolunda uğurlar arzulayır və inanırıq ki, peşəkar bir şəxsin rəhbərliyi dönəmində onlar bu çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.
Baxış sayı: 5 456

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]