Azərbaycan-Gürcüstan əməkdaşlığı nadir strateji etibarlılıq nümunəsidir TƏHLİL

Bakı, 16 aprel, ARHD.AZ



Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri, onun prezident kimi ilk xarici səfəri olmaqla, təkcə iki ölkə arasındakı münasibətlərin dərinliyini deyil, eyni zamanda, Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə formalaşan yeni regional düzənin əlamətdar göstəricisi kimi də dəyərləndirilə bilər. Bu səfər təkcə ikitərəfli münasibətlərin gündəmi ilə məhdudlaşmır, həm də regional və hətta qlobal geosiyasi reallıqların yenidən formalaşdığı bir dövrdə strateji mesaj daşıyır.

ARHD.AZ xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin analitik qrupunun apardığı təhlildə bildirib.

Qeyd olunub ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə, ortaq siyasi maraqlara və xüsusilə enerji-nəqliyyat sahəsində qarşılıqlı asılılığa əsaslanır. Prezident Kavelaşvilinin ilk xarici səfəri üçün Bakını seçməsi bu münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunun sübutudur. Bu məqamı xüsusi vurğulayan Prezident İlham Əliyev də bildirib ki, “siyasi əlaqələrimiz inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır”. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Təbii ki, bütün bunlar ölkələrimiz arasındakı yüksək etimaddan irəli gəlir. Bu etimad uzun illər ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə möhkəmləndirilib. Prezident İlham Əliyev haqlı olaraq vurğulayıb ki, “Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”. Təsadüfi deyil ki, hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Bundan əlavə, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

“Bundan çıxış edərək qeyd edə bilərik ki, Bakı ilə Tbilisi arasında qurulan strateji əməkdaşlıq yalnız enerji resurslarının daşınmasında və nəqliyyat marşrutlarının şaxələndirilməsində deyil, həm də siyasi sabitlik və qarşılıqlı təhlükəsizlik zəmanətinin formalaşmasında özünü göstərib və bu, davamlı xarakter alıb.

Cənubi Qafqaz regionu uzun illərdir ki, etnik və siyasi münaqişələr, xarici təsir dairələrinin toqquşması, həmçinin geosiyasi qeyri-müəyyənliklərlə müşayiət olunur. Bu çətin geosiyasi şəraitdə Azərbaycan və Gürcüstan sabitlik adası kimi çıxış edərək sülh və əməkdaşlıq xəttinə sadiqlik nümayiş etdiriblər. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili o fikirdədir ki, “ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib”. O, əmindir ki, “bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”.

Gürcüstanın beynəlxalq hüquqa əsaslanan yanaşması, Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək və əksinə, Azərbaycanın da Gürcüstanın suverenliyinə hörməti, iki ölkə arasında nadir strateji etibarlılıq nümunəsi yaradıb. Bu baxımdan Mixeil Kavelaşvilinin Bakıya səfəri postmünaqişə dövrünün reallıqları fonunda Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması ehtimalını gündəmə gətirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən sülh prosesi, Gürcüstanın vasitəçilik rolu oynamağa hazır olması və regionda daha dərin inteqrasiya səyləri Ermənistan üçün də konstruktiv yanaşma nümunəsi ola bilər.

Bugünkü dünyada enerji təhlükəsizliyi, qlobal nəqliyyat marşrutlarının davamlılığı və “yaşıl keçid” prosesləri ilə bağlı məsələlər ön plana çıxır. Azərbaycan və Gürcüstan bu kontekstdə Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayırlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış strateji enerji əməkdaşlığı memorandumu Gürcüstanın bu layihələrdə mühüm tranzit ölkə kimi rolu ilə tamamlanır. Bu baxımdan, Kavelaşvilinin Bakıya səfəri Qərblə Şərq arasında daha dərin və dayanıqlı əlaqələrin formalaşmasında Bakı-Tbilisi xəttinin alternativsizliyini bir daha nümayiş etdirir”, - deyə analitik qrupun təhlilində bildirilib.

Qeyd olunub ki, Mixeil Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri konkret siyasi və iqtisadi hədəfləri olan strateji addımdır. Bu səfər iki ölkənin Cənubi Qafqazda dayanıqlı sülh, qarşılıqlı iqtisadi inkişaf və qlobal çağırışlara ortaq cavab axtarışında olduqlarını göstərir. Ona görə də Azərbaycan və Gürcüstanın regionun geosiyasi xəritəsini sülh, əməkdaşlıq və inkişaf yönündə dəyişdirmək niyyətində olduqları artıq bəyan yox, əmələ çevrilir. Bu səfər bir daha təsdiqləyir ki, Qafqazın gələcəyi Bakı və Tbilisinin ortaq yol xəritəsində cızılır.

Baxış sayı: 9 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə