Bakı, 11 aprel, ARHD.AZ




Aprelin 11-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

ARHD.AZ  xəbər verir ki, iclası açan Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin Özbəkistana səfəri barədə məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Səyyad Salahlı, Elman Nəsirov, Rizvan Nəbiyev, Azay Quliyev, Sahib Alıyev, Müşfiq Məmmədli, Tural Gəncəliyev, Kamal Cəfərov, Ceyhun Məmmədov çıxış ediblər.

Çıxışlar zamanı aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandıran dövlətimizin başçısının söylədiyi strateji əhəmiyyətli fikirlərə münasibət bildirilib.

Müzakirələrdə deputatlar bir sıra digər aktual məsələlər barədə də fikirlərini bölüşüblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 22 məsələnin daxil edildiyini, ilk 6 məsələnin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O diqqətə çatdırıb ki, Prezidentin təqdimatına əsasən, Xanlar Rüstəm oğlu Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılmalıdır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib.

X.R.Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Konstitusiya Məhkəməsinin yeni təyin olunmuş hakimi Xanlar Vəliyev çıxış edərək ölkə Prezidentinə minnətdarlığını bildirib və sonra and içib.

Parlamentin sədri Sahibə Qafarova növbəti 5 məsələnin cənab Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı olduğunu deyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.

Təqdim edilən məsələlər ətrafında müzakirələrdə deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Arzuxan Əli-zadə çıxış edərək, məhkəmə-hüquq sistemində aparılan islahatların əhəmiyyəti barədə öz fikirlərini bölüşüblər.

Milli Məclisin bu qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov ədalət mühakiməsinin səmərəliliyini, məhkəmə hakimiyyətinin nüfuzunu artırmaq, hakimlərin müstəqilliyini qorumaq məqsədi ilə ölkənin məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyib. O, dövlət tərəfindən məhkəmə hakimiyyətinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını ifadə edib.

Növbəti 7 məsələ üçüncü oxunuşda qanun layihələri olub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Kredit büroları haqqında” Qanunda, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununda, dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat veriblər.

Azər Əmiraslanov Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında”, Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini diqqətə çatdırıblar.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Növbəti məsələnin “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olub və sənəd barədə Azər Əmiraslanov danışıb. O, layihəyə əsasən, üç qanunda, o cümlədən "Dövlət rüsumu haqqında", "Fitosanitar nəzarəti haqqında" və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsinin nəzərdə tutulduğunu bildirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Daha sonra Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda, Musa Quliyev - “Sosial xidmət haqqında” Qanunda, Əli Hüseynli “Mediasiya haqqında” Qanunda, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə “Baytarlıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim ediblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti 4 məsələsi isə birinci oxunuşda qanun layihələri olub.

Arzu Nağıyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Sənədin müzakirəsində deputat Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ədliyyə orqanlarında aparılan uğurlu islahatlardan, xüsusən məhkəmə qərarlarının icrası sahəsindəki müsbət dinamikadan söz açan Əli Hüseynli bildirib ki, görülmüş tədbirlər və xidmətin səmərəli həyata keçirilməsi sayəsində 2024-cü ildə rekord nəticə əldə olunub. Buna nail olmağın əsas səbəbi də elektron xidmətlərdən istifadənin artmasıdır.

Komitə sədri deyib ki, layihədə təklif olunan dəyişikliklər də öz növbəsində "Elektron məhkəmə", "Elektron notariat", "Elektron icra" sistemlərinin vahid elektron məkanda fəaliyyət göstərməsini təmin edən vacib dəyişikliklərdir.

Sənədin müzakirəsində komitə sədri Zahid Orucun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir. Müzakirəyə təqdim olunan qanun layihəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif olunub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, ölkəmizdə mütəmadi olaraq pensiya islahatlarının aparıldığını, əmək pensiyalarının şəffaf və ədalətli şəkildə təmin edildiyini söyləyib. Musa Quliyev təqdim edilən qanunda nəzərdə tutulan dəyişikliklərin güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib.

Deputatlar Əli Məsimli və Aydın Hüseynovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Baxış sayı: 6 790

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə