Qazaxıstanın energetika nazirinin müavini: Avropaya yaşıl enerjinin ixracı layihələrində Azərbaycanın rolu açardır – MÜSAHİBƏ

Cənub Qaz Dəhlizi təkcə Qazaxıstan üçün deyil, bütün Avrasiyanın enerji arxitekturası üçün vacib elementə çevrilir


Bakı, 9 aprel,  ARHD.AZ



Qazaxıstanın energetika nazirinin müavini: Avropaya yaşıl enerjinin ixracı layihələrində Azərbaycanın rolu açardır 


Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanovun ARHD.AZ-a müsahibəsini təqdim edirik.

- Cənab Yesimxanov, Azərbaycan və Qazaxıstan arasında enerji sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan və Qazaxıstan arasında enerji sahəsində əməkdaşlığı əminliklə çox səmərəli adlandırmaq olar. Ölkələrimiz enerji sektorunun bütün əsas istiqamətləri üzrə fəal şəkildə əməkdaşlıq edir - bu, həm neft sənayesi, həm qaz sektoru, həm də elektrik enerjisi sahəsini əhatə edir. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın tərəfdaşları Qazaxıstan neftinin ixrac marşrutlarının şaxələndirilməsi prosesinə mühüm töhfə verirlər. Bakının dəstəyi sayəsində Qazaxıstan neftinin əhəmiyyətli bir hissəsi Bakı-Tbilisi-Ceyhan marşrutu ilə daşınır ki, bu da bizə dünya bazarlarına birbaşa çıxış imkanı yaradır.

Bundan əlavə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində əməkdaşlıq da fəal şəkildə inkişaf edir ki, bu da təkcə ölkələrimiz üçün deyil, bütün regionun enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Qazaxıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də bütün Avrasiya üçün davamlı inkişafı təmin edir.

- Qazaxıstan, Azərbaycan və regionun digər ölkələri arasında əməkdaşlıq kontekstində yaşıl enerjinin inkişafını nə dərəcədə vacib hesab edirsiniz?

- Bəli, bu, əməkdaşlığımızın həqiqətən çox mühüm istiqamətidir. Elə konkret layihələr var ki, onlar özləri haqqında kifayət qədər danışır. Onlardan biri Avropaya yaşıl enerjinin tədarükü üçün Xəzər dənizi üzərindən nəqliyyat dəhlizinin yaradılması üzrə genişmiqyaslı təşəbbüsdür. Bu layihədə üç ölkə - Qazaxıstan, Azərbaycan və Özbəkistan iştirak edir. Bu, davamlı enerji infrastrukturunun yaradılmasına yönəlmiş strateji tərəfdaşlıqdır. Layihə ötən il Bakıda dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı rəsmi şəkildə dəstəklənib və təsdiqlənib. Bu, tərəflərin yaşıl enerji sahəsinin inkişafına olan yüksək siyasi iradəsini və marağını göstərir. Müvafiq razılaşmalar ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 zamanı dövlət başçıları tərəfindən imzalanıb. Hazırda biz layihənin fəal təşkilati mərhələsindəyik. Bu gün biz həm bərpaolunan enerji mənbələrinin inkişafı, həm də Avropaya ekoloji cəhətdən təmiz enerjinin sabit şəkildə çatdırılmasını təmin edəcək yaşıl enerji dəhlizinin formalaşdırılması üzrə sıx əməkdaşlıq edirik. Bu, bütün səviyyələrdə koordinasiya tələb edən ciddi bir prosesdir. Əməkdaşlığımız həqiqətən də çox səmərəlidir - dövlət başçıları səviyyəsindən başlayaraq konkret nazirliklər, mütəxəssislər və texniki heyətə qədər. Bu, qlobal gündəmlə uyğun gələn, səmərəli regional əməkdaşlığın nümunəsidir.

- Sizcə, Avropanın enerji təchizatının mənbə və marşrutlarının şaxələndirilməsi kontekstində Cənub Qaz Dəhlizi nə qədər əhəmiyyətlidir?

- Artıq qeyd etdiyim kimi, biz əsasən ənənəvi marşrutlardan istifadə etmişik. Xüsusilə də, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) bizim üçün neftin nəqli baxımından əsas istiqamət olaraq qalır. Lakin son illərdə biz marşrutların şaxələndirilməsi istiqamətində fəal addımlar atırıq və bu kontekstdə Cənub Qaz Dəhlizi çox mühüm rol oynayır. Ötən il Bakı-Tbilisi-Ceyhan marşrutu vasitəsilə təxminən 1,5 milyon ton neft nəql etmişik. Bu, yaxşı nəticədir və hazırda milli şirkətimizdəki həmkarlarımız həcmin 2,5 milyon tona qədər artırılması imkanları ilə bağlı danışıqlar aparırlar. Qazaxıstanda hasilatın artımını nəzərə alsaq, bu tamamilə real məqsəddir.

Bundan əlavə, bu marşrutun gələcəkdə genişləndirilməsi perspektivlərini də müzakirə edirik, çünki yaxın illərdə neft hasilatının daha da artacağı gözlənilir. Cənub Qaz Dəhlizi təkcə Qazaxıstan üçün deyil, bütün Avrasiya enerji arxitekturası üçün getdikcə daha vacib bir elementə çevrilir.

- Yaxınlarda “KazMunayGas” və Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu sazişin perspektivlərini necə qiymətləndirirsiniz və bu tərəfdaşlıq çərçivəsində hansı istiqamətlər üzrə inkişaf planlaşdırılır?

- Mən hesab edirəm ki, bu saziş böyük və sistemli işin yalnız başlanğıcıdır. Sazişin imzalanması bizim enerji tərəfdaşlığımızın dərinləşdirilməsi üçün əsas yaradan mühüm bir addımdır. Lakin qeyd etməliyəm ki, bu addımdan əvvəl də şirkətlərimiz arasında əməkdaşlıq qurulmuşdu - tərəflər arasında dialoq uzun zamandır aparılır və çox yaxşı səviyyədədir. Gələcəyə baxsaq, perspektivlər həqiqətən genişdir. Söhbət həm Azərbaycanın ərazisi vasitəsilə neftin nəqli həcmlərinin artırılmasından, həm də qaz sahəsində əməkdaşlığın inkişafından gedir. Biz yalnız cari deyil, həm strateji istiqamətləri, həm ənənəvi, həm də yeni enerji növləri üzrə məsələləri müzakirə edirik. Ona görə də bu tərəfdaşlığa böyük nikbinliklə yanaşırıq. Bu əməkdaşlıq qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır və yaxın illərdə ciddi birgə layihələrə gətirib çıxara bilər.

- Bu gün Qazaxıstan və Azərbaycan arasında bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- Hər bir ölkə, təbii ki, öz milli energetika strategiyasını, o cümlədən bərpaolunan enerji sahəsini inkişaf etdirir. Lakin xüsusilə vacib olan məqam odur ki, biz Avropaya yaşıl enerjinin ixracına yönəlmiş irimiqyaslı birgə layihələr həyata keçiririk. Bu kontekstdə Azərbaycanın rolu açardır, mərkəzi mövqedə dayanır. Belə layihələrdən biri - Xəzər dənizindən yaşıl elektrik enerjisinin ötürülməsi üçün infrastrukturun qurulmasıdır. Biz Qazaxıstandan Azərbaycana qədər sualtı kabelin çəkilməsi və daha sonra Gürcüstan və ya digər marşrutlar vasitəsilə Avropaya ötürülməsi imkanlarını nəzərdən keçiririk. Bu, həqiqətən iddialı və genişmiqyaslı bir layihədir, bir neçə ölkə və təşkilat bu prosesdə iştirak edir.

Bundan əlavə, artıq biz bu sahədə əməkdaşlığa dair birgə memorandum imzalamışıq və beynəlxalq maliyyə institutlarından ciddi maraq görürük. Asiya bankları bu təşəbbüsə investisiya yatırmağa hazır olduqlarını bildiriblər ki, bu da layihəyə inamın və onun real perspektivlərinin göstəricisidir. Bu sahə bizim üçün nisbətən yenidir, lakin potensialı olduqca böyükdür. Biz təkcə hökumətlər səviyyəsində deyil, həm də özəl sektorun, ekspertlərin və vətəndaş cəmiyyətinin iştirakı ilə fəal şəkildə işləyirik. Əminəm ki, yaxın illərdə yaşıl enerji sahəsində əməkdaşlığımız daha da genişlənəcək.

- Yaşıl enerjinin ixracı layihəsinin reallaşdırılması hansı mərhələlərdən keçəcək və siz onun inkişafını gələcəkdə necə görürsünüz?

- Hazırda biz layihənin hələ ki ilkin, lakin çox vacib mərhələsindəyik. Tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb, bu sənəd ümumi baxışı və siyasi iradəni təsdiqləyib. Artıq birgə müəssisələr yaradılıb və layihə üzərində ölkələrimizin sistem operatorları işləyir. Bu isə o deməkdir ki, ideyadan praktiki həyata keçid artıq başlayıb. Hazırda layihələndirmə üzərində fəal iş aparılır və bu, növbəti məntiqi mərhələdir. Bu mərhələ müəyyən vaxt tələb edəcək, çünki texniki hesablamalar aparılmalı, sualtı kabellərin optimal marşrutları müəyyənləşdirilməli və infrastruktur həlləri bütün iştirakçılar arasında razılaşdırılmalıdır.

Bundan sonra layihənin konkret dəyəri və maliyyələşdirmə mexanizmləri müəyyənləşdiriləcək. Bizim məqsədimiz icranı ləngitməməkdir. Qiymətləndirmələrimizə əsasən, ideal halda layihə 5-7 il ərzində tam həyata keçirilə bilər. Amma əlbəttə ki, bu, layihələndirmə, razılaşmalar və tikinti işlərinin tempi ilə bağlı olacaq. Vacib məqamlardan biri də budur ki, paralel olaraq Qazaxıstan ölkə daxilində, xüsusilə ixrac planlaşdırılan regionlarda, bərpaolunan enerji istehsalını fəal şəkildə inkişaf etdirəcək. Çünki Avropaya yaşıl enerji tədarükünü təmin etmək üçün, ilk növbədə özümüzdə sabit enerji generasiyasına nail olmalıyıq.

- Mürəkkəb geosiyasi şəraitdə Qazaxıstan hərbi və kibertəhlükələr fonunda neft kəməri infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görür?

- Bu, şübhəsiz ki, çox vacib və həssas bir sualdır. Təhlükəsizlik məsələləri birbaşa mənim fəaliyyət sahəmə daxil olmasa da, qeyd edə bilərəm ki, bu istiqamətdə işlər, həmçinin beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə sistemli şəkildə aparılır. Məsələn, Xəzər Boru Kəməri Konsorsiumu təkcə Rusiya-Qazaxıstan layihəsi deyil. Bu layihədə amerikalı, britaniyalı və digər beynəlxalq şirkətlər də iştirak edirlər. Belə iri investorlardan və tərəfdaşlardan ibarət iştirakçıların mövcudluğu bizə müəyyən təhlükəsizlik və infrastrukturun dayanıqlılığı baxımından zəmanət verir. Qazaxıstanın əsas neft layihələrində ABŞ-dan və Avropadan olan şirkətlər də daxil olmaqla geniş dairədə xarici investorlar iştirak edir. Bu da energetika obyektlərinin, o cümlədən neft kəmərlərinin mühafizəsinin daim nəzarətdə saxlanmasına və beynəlxalq səviyyədə koordinasiyasına şərait yaradır.

Bundan əlavə, dövlət səviyyəsində kritik infrastrukturun mühafizəsi üzrə tədbirlər həyata keçirilir, müasir texnologiyalar və təhlükələrin qarşısını alma mexanizmləri tətbiq olunur. Əminəm ki, bütün tərəflərin təcrübəsi və maraqları nəzərə alınmaqla, biz ixrac marşrutlarımızın sabitliyini və təhlükəsizliyini təmin edə biləcəyik.

- Mərkəzi Asiya ölkələri ilə enerji sahəsində əməkdaşlıqda, xüsusilə enerji resurslarının Avropaya çatdırılması kontekstində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Bu gün Mərkəzi Asiyadan enerji resurslarının daşınması üçün bir neçə əsas marşrut mövcuddur. Tarixi olaraq əsas istiqamətlərdən və hələ də ən vaciblərdən biri Rusiyadır. Lakin son vaxtlar biz Azərbaycan marşrutunun potensialından daha fəal istifadə etməyə başlamışıq. Bu, bizim üçün əlavə imkanlar yaradır və ixrac marşrutlarının şaxələndirilməsinə kömək edir. Azərbaycan bu prosesdə həm tranzit ölkə, həm də inkişaf etmiş infrastruktur imkanlarına malik tərəfdaş kimi çox mühüm rol oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı mərhələli şəkildə genişləndirəcəyik. Bizim ortaq maraqlarımız var və regionun neft hasil edən ölkələri kimi energetika potensialımızdan səmərəli istifadə etmək, qlobal bazarlarda mövqelərimizi gücləndirmək üçün birlikdə hərəkət etməliyik.

- Qazaxıstan Beynəlxalq Hidrogen təşəbbüsünə qoşulub. Bu addım nə kimi perspektivlər açır və ölkədə hidrogen energetikasının inkişafını necə qiymətləndirirsiniz?

- Qazaxıstanın Beynəlxalq Hidrogen təşəbbüsünə (Hydrogen Breakthrough Agenda) qoşulması ölkənin dayanıqlı energetika gələcəyinə doğru atılmış mühüm addımdır. Bu, həm milli, həm də beynəlxalq səviyyədə hidrogen energetikasının inkişafı üçün yeni perspektivlər açır. Bu il biz Hidrogen Energetikasının İnkişafı Konsepsiyasını qəbul etdik ki, bu da qeyd olunan istiqamətdə sistemli işin əsasını təşkil edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Almaniyanın Svevind şirkəti ilə birlikdə Mangistau bölgəsində yaşıl hidrogen istehsalı layihəmiz mövcuddur. Bu, yenilənə bilən enerji mənbələri — günəş və külək — ilə hidrogen istehsalının qabaqcıl texnologiyalarını birləşdirən iddialı bir təşəbbüsdür. Bu layihə Avrasiya regionunda ən böyük layihələrdən birinə çevrilə bilər və Qazaxıstanın yaşıl energetika sahəsində ixrac potensialının inkişafında mühüm rol oynayacaq. Biz dəqiq başa düşürük ki, belə böyük təşəbbüslərin həyata keçirilməsi beynəlxalq tərəfdaşlıq olmadan mümkün deyil. Buna görə də Qazaxıstan əməkdaşlığa açıqdır və həm texnoloji, həm də investisiya sahələrində qlobal oyunçularla fəal şəkildə işləyir. Ölkəmiz dayanıqlı inkişaf prinsiplərinə sadiqdir və hidrogen energetikasının inkişafı bu strategiyanın vacib bir hissəsidir.

Baxış sayı: 5 467

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə