
Bakı, 15 aprel, ARHD.AZ
Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu siyasi çəkisinə görə böyük əhəmiyyətə malikdir. Dünyanın 150-dən çox ölkəsindən ümumilikdə beş mindən artıq iştirakçının, o cümlədən yüzə yaxın dövlət və hökumət başçısının, deputatların, müxtəlif icmaların, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, media nümayəndələrinin qatıldıqları bu beynəlxalq tədbir dünyadakı böhranların həlli, qlobal dağıdıcı dəyişikliklərin qarşısının alınması və münaqişələrdən çıxış yollarının müzakirəsi istiqamətində dünya ictimaiyyətinə mühüm bir platforma təqdim etdiyini bir daha təsdiqlədi. Xüsusilə Cənubi Qafqaz regionu ilə bağlı müzakirələr Azərbaycanın nöqteyi-nəzərindən olduqca müsbət dəyərləndirilir.
Bu fikirləri ARHD.AZ-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli səsləndirib.
QHT sədrinin sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin Cənubi Qafqazla bağlı paneli dünyaya verilən mesaj baxımından əhəmiyyətli idi. Çünki digər buna bənzər forumlardan fərqli olaraq, bu panel müzakirələrində Ermənistan xarici işlər naziri Arorat Mirzoyanın yalanlarının ifşası elə yerindəcə baş verdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarına cavabı, əslində, erməni yalanlarının arxasında dayanan Qərbə yönəlmiş mesaj idi.
“Eyni zamanda, Prezident İlham Əliyevin ADA universitetində keçirilən mühüm beynəlxalq tədbirdən sonra Antalya Diplomatiya Forumuna qatılması və orada keçirdiyi ikitərəfli görüşlər olduqca yüksək dəyərləndirilməlidir. Çünki Azərbaycan Prezidenti yalnız Cənubi Qafqazın lideri olan ölkənin rəhbəri deyil, həmçinin Yaxın Şərqdəki gərginliklərin azaldılmasında fəal iştirak edir. Türkiyə-İsrail danışıqlarına Azərbaycan ev sahibliyi edir, COP29-dan sonra ada dövlətlərinin problemlərinin həlli və bu kimi digər məsələlərin dünya gündəminə gətirilməsi istiqamətində ciddi addımlar atır. Bu gün İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın təkcə regional deyil, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidentinin açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə izlənilir və təhlil edilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bir ölkənin gücü onun liderinin güclü olmasındadır. Bu baxımdan, Antalya Diplomatiya Forumu istər Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı baxımından, istər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, istərsə də Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaları ilə bağlı rəsmi Bakının mövqeyinin dünyaya çatdırılması baxımından ciddi siyasi platformaya çevrildi”, - deyə o bildirib.
V.Hüseynli vurğulayıb ki, yeni dünya düzəninin formalaşdığı bir vaxtda Azərbaycanın uğurlu xarici diplomatiyası artıq öz müsbət nəticələrini verməkdədir.