
Bakı, 17 mart, ARHD.AZ
Fikrimcə, son günlərin ən maraqlı, diqqəti cəlb edən, eyni zamanda, ədalətin, beynəlxalq hüququn aliliyinin təzahürü baxımından çox əhəmiyyətli xəbərlərdən biri yayıldı. Martın 13-də BMT İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işində Ermənistan tərəfinin iddialarının rədd olunması ilə bağlı Yekun Rəyi dərc edildi. Sənəddə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə azadlığına görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu, məhkəmə icraatında təqsirsizlik prezumpsiyasının gözlənilmədiyi, həbsə alternativ tədbirlərin seçilmədiyi, müdafiəsini hazırlamaq üçün kifayət qədər imkan yaradılmadığı və digər hüquqlarının pozulduğu ilə bağlı iddiaların heç birinin təsdiqlənmədiyi əks olunub. (A/HRC/WGAD/2024/46).
Bu fikirləri ARHD.AZ-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.
O bildirib: “İşçi Qrupu göstərir ki, R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, məhkəmə qərarı ilə barəsində həbs seçilib, istintaq zamanı tərcüməçi təyin edilib, vəkili tərəfindən müdafiə olunub və prosessual hüquqları təmin edilib. Təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı iddialar da təsdiqini tapmayıb”.
Onun sözlərinə görə, bu məsələ bəzi beynəlxalq təşkilatların siyasi manipulyasiyaları fonunda Azərbaycanın təqdim etdiyi hüquqi əsasların qəbul olunmasının və Ruben Vardanyanla bağlı iddiaların rədd edilməsinin obyektiv qərar olduğunu göstərir.
Birincisi, Azərbaycanın işğal altında olmuş ərazilərində törədilmiş əməllərinə görə məhkəmə qarşısına çıxarılan şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqələri sayəsində məsələ beynəlxalq müstəviyə çıxarılıb. Lakin Azərbaycanın hüquq sisteminin beynəlxalq hüquq normalarına uyğun fəaliyyəti bu cəhdləri uğursuz edib. İkincisi, bu qərar Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatların effektivliyini sübut edir.
“Əminəm ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı belə bir qənaətə gəlmək üçün bütün prosesləri diqqətlə araşdırıb. Ölkədaxili və xaricdə Azərbaycana qarşı çıxanların qərəzli ittihamlarına baxmayaraq, bu cür birmənalı və cəsarətli qərarın verilməsi obyektivliyin göstəricisidir. Üçüncüsü, erməni lobbisinin və onun siyasi-maliyyə güc mərkəzlərinin bu məsələdə məğlub olması mühüm siqnaldır”, - deyə Ə.Abbasbəyli vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, separatçıların Ermənistana təhvil verilməsi tələbləri, Ruben Vardanyanla bağlı iddialar, Azərbaycanın Qələbəsini və suverenliyinin bərpasını tanımaq istəməyən dairələrin informasiya müharibəsi son cəhdlərdəndir. Bu, Azərbaycanı ittiham etmək istəyən qüvvələrin məğlubiyyətidir.
“Şübhəsiz ki, bu cəhdlər davam edəcək. Amma hər belə uğursuzluq onların havadarlarını və maliyyə mənbələrini zəiflədir. Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi gücləndikcə, ölkəmizə qarşı aparılan təzyiqlərin təsirsizliyi daha aydın görünəcək. Nəticədə həm ölkədə, həm də regionda sabitlik və təhlükəsizlik möhkəmlənəcək", - deyə ekspert əlavə edib.