Bakı, 15 mart, ARHD.AZ
XII Qlobal Bakı Forumuna ev sahibliyi edən paytaxtımız dünyanı narahat edən problemlərin və çağırışların müzakirə edildiyi, onların həlli yollarının axtarıldığı mühüm beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda 400-ə yaxın xarici qonaq iştirak edir. On altı panel üzrə aparılan müzakirələrdə aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi mühüm mövzular müzakirəyə çıxarılıb. Forum beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh məsələlərinin geniş müzakirəsinə şərait yaradır.
Bu fikirləri ARHD.AZ-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev forumun açılışında ölkəmizin iqtisadi potensialı, gələcək planları və Ermənistanla münasibətlər barədə iştirakçılara ətraflı məlumat verib, Cənubi Qafqazda sülh və sabitliyin əsaslarına toxunub: “Bildirildi ki, Azərbaycanın bərpaolunan enerji potensialı faydalı qazıntılardan əldə edilən enerji istehsalına bərabər olacaq. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan 12 ölkəyə təbii qaz satır ki, onlardan 10-u Avropa ölkəsidir. Son illərdə dəmir yolu vasitəsilə ölkəmizdən keçərək Avropaya daşınan yüklərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bu da dəniz limanı və dəmir yolu infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasını zəruri edir. Bir sözlə, Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır. Bakı Forumunda dövlətimizin başçısı COP29-un uğurlarına toxunaraq qeyd etdi ki, 10 ildən artıq müddətdə razılığa gəlmək mümkün olmayan Paris Sazişinin 6-cı maddəsi üzrə konsensus əldə olundu. COP29 çərçivəsində bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasına nail olundu”.
Deputat vurğulayıb ki, COP29 ərəfəsində Azərbaycan Qərb mediasının, xüsusilə “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsweek” və “Assoşieyted Press” kimi media resurslarının qarayaxma kampaniyasına məruz qalıb: “Bu, elə həmin media qurumlarıdır ki, ABŞ Prezidenti Donald Tramp onları yalan və saxta xəbər mənbələri adlandırırdı. Onlar bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkə olaraq COP29-a ev sahibliyi edə bilmərik. ABŞ Dövlət Departamenti, Fransa prezidenti, “Le Monde”, “Fiqaro” və digər bu kimi media orqanları da bu kampaniyaya qoşulmuşdular. Təbii ki, bütün bu təzyiqlərin əsas səbəbi Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, bunun isə Qərbdə həzm edilə bilməməsidir. Bizim mübarizəmiz ədalətə və beynəlxalq hüquqa söykənirdi. Biz BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini icra etdik. Dövlətimizin başçısı Ermənistanı sülh tərəfdarı kimi göstərməyə çalışan bəzi Avropa bürokratlarına xatırlatdı ki, İkinci Qarabağ müharibəsi zamanı ermənilər şəhərlərimizi və kəndlərimizi ixracı qadağan olunmuş “İsgəndər M” raketi ilə hədəfə almışdı. Həmin raket hücumu məhz Ermənistanın baş naziri Nikol Paşinyanın əmri ilə icra edilmişdi”.
Tahir Mirkişili qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan sülh razılaşmasına çox yaxındır: “Lakin Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Naxçıvanla Qərb rayonlarımız arasında nəqliyyat dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Minsk qrupu buraxılmalı və Avropa İttifaqının müşahidə missiyası sərhədlərimizdən çıxarılmalıdır. Həmçinin Fransanın Ermənistanı ölümcül silahlarla təmin etməsi Cənubi Qafqazda sülhə ciddi təhdiddir. Əgər Ermənistan sülh istəyirsə, bu qədər silahlanma nəyə lazımdır? Sülh istəyən ölkə bütün bunlara son qoymalıdır. Azərbaycan Qərb dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan qaçmır, əksinə, bu işdə maraqlıdır. Lakin münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanmalıdır. Bəzi Qərb dairələri istəyirlər ki, biz də digərləri kimi onlara “bəli, cənab” deyək. Cənubi Qafqazın ən güclü dövlətindən bunu gözləmək və tələb etmək qeyri-realdır. Azərbaycan ABŞ Prezidenti Donald Trampın Baydenin dövründə pozulmuş Bakı-Vaşinqton münasibətlərinə yenidən baxacağına ümid edir”.
Sonda Tahir Mirkişili vurğulayıb ki, XII Qlobal Bakı Forumu Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platformadır: “Biz öz imkanlarımızı, perspektiv planlarımızı, sülhə xidmət edən siyasətimizi xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırdıq. Azərbaycan dünyada cərəyan edən iqtisadi və siyasi proseslərə seyrçi qalmaq niyyətində deyil. Bakı yeni dünya düzənində özünəməxsus yer tutmaq istəyir və bu istiqamətdə ciddi addımlar atır”.