2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 67 saylı Sabirabad seçki dairəsindən Kürkəndi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zərbaliyeva Pərvanə Bəybala qızı 2025-ci il fevralın 6-da teleqramla Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək dairə seçki komissiyasının 2025-ci il 5 fevral tarixli 53/191 saylı qərarını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112.1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Ərizəçinin əlavə materiallar təqdim etmək, ona araşdırma və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək hüququ izah olunmuşdur. Qeydə alınmış namizəd P.B.Zərbaliyeva araşdırmada iştirak etsə də, komissiyanın iclasına gəlməmişdir.
İddia edilən pozuntularla əlaqədar olaraq qeydə alınmış namizəd P.B.Zərbaliyevanın şikayəti 67 saylı Sabirabad seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 2025-ci il 5 fevral 53/191 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma ilə əlaqədar 67 saylı Sabirabad seçki dairəsi dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyasının sədrləri, katibləri, üzvləri, qeydə alınmış, lakin seçilməmiş namizədlər tərəfindən verilmiş izahatlarla və qeydə alınmış namizəd P.B.Zərbaliyeva tərəfindən araşdırmaya təqdim edilən materialların araşdırılması zamanı iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd P.B.Zərbaliyevanın 24 saylı seçki məntəqəsində müşahidə aparmış müşahidəçiləri həmin seçki məntəqəsində səsvermə prosesi və səslərin hesablanması zamanı hər hansı bir qanun pozuntusunun olmamasını özündə ehtiva edən akta imza atmışlar.
Araşdırma nəticəsində belə qənaətə gəlinmişdir ki, Kürkəndi bələdiyyəsini əhatə edən 22, 23 və 24 saylı seçki məntəqələrində səsvermə prosesi, səslərin sayılması, seçki sənədləri ilə işin aparılması Seçki Məcəlləsi ilə müəyyən olunan tələblərə uyğun şəkildə həyata keçirilmiş, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar həmin Məcəllədə nəzərdə tutulmuş qaydada tərtib edilərək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına çatdırılmışdır.
Qeyd edilməlidir ki, dairə seçki komissiyası qeydə alınmış namizəd P.B.Zərbaliyevanın şikayətini araşdırarkən düzgün hüquqi nəticəyə gəlmişdir.
Qeyd edilənlər əsas götürülərək, 67 saylı Sabirabad seçki dairəsindən Kürkəndi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zərbaliyeva Pərvanə Bəybala qızının müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 2025-ci il 5 fevral 53/191 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112.1-ci maddələrinə əsasən qərara alır:
1. 67 saylı Sabirabad seçki dairəsindən Kürkəndi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zərbaliyeva Pərvanə Bəybala qızının 2025-ci il 6 fevral 38 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2025-ci il 5 fevral 53/191 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov