2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Füzuli–Ağcabədi seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hacıyev Fəxrəddin Mərkəz oğlu 7 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı Qərarını mübahisələndirərək, seçki dairəsinin Sarıcalı bələdiyyəsi üzrə 50, 53 və 58 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
85 saylı Füzuli–Ağcabədi seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd F.M.Hacıyev müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının Sarıcalı bələdiyyəsinə seçki keçirilən 50, 53 və 58 saylı seçki məntəqələri üzrə total saxtakarlıq müşahidə olunduğunu, seçki qanununun tələblərinin aşkar və kobud şəkildə pozulduğunu, icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin müdaxiləsi nəticəsində seçkinin saxtalaşdırıldığını iddia etmişdir.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılıb, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
İddia edilən pozuntularla əlaqədar qeydə alınmış namizəd F.M.Hacıyevin şikayəti 85 saylı seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müraciətin araşdırılması təqdim olunmuş icraat materiallarını əhatə etmişdir.
Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilən izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Aparılmış icraatla müəyyən edilmişdir ki, 85 saylı Füzuli–Ağcabədi seçki dairəsinin dairə seçki komissiyası mövcud qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.
Beləliklə, Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd F.M.Hacıyevin müraciəti əsassız olduğundan təmin edilməməli və 85 saylı Füzuli–Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Füzuli–Ağcabədi seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hacıyev Fəxrəddin Mərkəz oğlunun 7 fevral 2025-ci il tarixli 39 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov