Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – Qanun) 4-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və tütün
məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin
(bundan sonra – Reyestr) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən
edir.
1.2. Reyestr rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya
texnologiyalarından istifadə yolu ilə tütün məmulatının idxalının və istehsalının həyata
keçirilməsi fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini,
səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya
ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin
edən dövlət informasiya ehtiyatıdır. Reyestrdə tütün məmulatının idxalının və istehsalının
həyata keçirilməsi məqsədilə qeydiyyata alınmış sahibkarlıq subyektləri, eləcə də
qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ləğvi barədə
məlumatlar əks olunur.
1.3. Reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını və istehsalını
həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlət idarəetməsinin
optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və
hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən
ibarətdir.
1.4. Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər
Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların Reyestrdə toplanılmasının və işlənilməsinin məqsədi bu
Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların
Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında”
Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ
hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. Reyestrdən istifadə ödənişsizdir və Reyestrin fəaliyyətinin təşkili, idarə olunması
və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər
mənbələr hesabına maliyyələşdirilir.
1.7. Reyestr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli
263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan
sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və
fəaliyyət göstərir.
1.8. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə,
Qaydalarla, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə
müəyyən edilmiş mənaları ifadə edir.
1.9. Reyestrin sahibi və operatoru tütün məmulatının idxalını və istehsalını həyata
keçirən sahibkarlıq subyektlərinin qeydiyyatını aparan Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyidir.
1.10. Reyestrdəki məlumatlar lisenziyaların və icazələrin vahid reyestrinə
inteqrasiya olunur.






















