Zaqreb, 26 fevral, ARHD.AZ


Xorvatiyada Xocalı faciəsi ilə bağlı tədbir keçirilib


Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

ARHD.AZ xəbər verir ki, konfransda Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunan diplomatik korpusun rəhbərləri, Xorvatiya ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq humanitar hüquq sahəsində ekspertlər və beyin mərkəzlərinin nümayəndələri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Anar İmanov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin işğal edildiyini, işğal nəticəsində çoxlu sayda mülki insanın, əsasən də uşaqların və qadınların xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, ölkəmiz tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması, ona obyektiv və hüquqi qiymətin verilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib. O, Xocalı soyqırımını törədən bütün cinayətkarların öz cəzalarını layiqincə alacağına ümidini ifadə edib.

Tədbirdə videobağlantı vasitəsilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş faciə olduğunu, sözügedən faciədən sonra xalqımızın nə qədər qəddar düşmən ilə üz-üzə qaldığını artıq tam dərk etməyə başladığını vurğulayıb. O, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdiyini, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun bərpa edildiyini diqqətə çatdırıb. Fariz İsmayılzadə, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında da tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Zaqreb Universitetinin Hüquq fakültəsinin professoru Mihael Mişo Mudriç, Libertas Universitetinin professoru Jadranka Poloviç, Pula Universitetinin professoru Branimir Vidmaroviç, Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun (IRMO) məsul üzvi Kreşevan Antun Duymoviç, beynəlxalq hüquq sahəsində ekspert Denis Avdagiç və müstəqil jurnalist Vladimir Nişeviç çıxış edərək Xocalı soyqırımı cinayətinin beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər. Natiqlər Xocalı soyqırımı ilə yanaşı, dünyada baş vermiş digər soyqırımı cinayətlərindən də nəticə çıxarılmasını, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınmasını, bu tip cinayətlərə siyasi və hüquqi qiymətin verilməsi yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib, habelə səfirlik tərəfindən Xocalı soyqırımına dair xorvat dilində nəşr olunmuş kitab iştirakçılara təqdim olunub. Həmçinin xorvat və ingilis dilində Khojaly.hr saytı haqqında məlumat verilib.

Baxış sayı: 3 449

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə