Bakı, 1 mart, ARHD.AZ


Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


Azərbaycan ilə Türkiyə arasında imzalanmış "İkitərəfli hərbi əməkdaşlıq proqramı"na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.

Bu barədə ARHD.AZ-a Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət edilib. Şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra səfər planına uyğun olaraq, Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.

Zavodun istehsalat bölmələrində yaradılan şəraitlə tanış olan qonaqlar burada təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər.

Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda görüş keçirilib. Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqlarla görüşərək onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Qonaqlar institutda yaradılan şəraitlə tanış olublar. Türkiyə nümayəndə heyətinə təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib və ölkələrimiz arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlardan geniş söhbət açılıb.

General-leytenant H.Duman Hərbi İnstitutun “Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.

Plana əsasən, sonda Türkiyə nümayəndə heyəti HHQ-nin "N" hərbi hissəsini ziyarət edib. Qardaş ölkənin nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Baxış sayı: 4 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə