Bakı, 26 may, ARHD.AZ
“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və icmalar” adlı maarifləndirici interaktiv proqrama yekun vurulub.
Bu barədə ARHD.AZ-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib.
Bildirilib ki, proqram Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, RUGİM və EkoSfera Ekoloji-Sosial Mərkəzinin təşkilatçılığı ilə icra edilib.
Proqramın məqsədi şagirdləri müxtəlif sürətlə dəyişən icmaların sosial, mədəni və tarixi xüsusiyyətləri ilə tanış etmək, onlarda muzeylərin bu icmalardakı rolu və gələcəkdə necə inkişaf edə biləcəkləri barədə düşüncələr formalaşdırmaqdan ibarət olub. Bununla yanaşı, ekskursiyalar vasitəsilə şagirdlərə muzeylərin ictimai həyatla necə əlaqəli olduğunu göstərmək, müxtəlif icmaların mədəni irsini qiymətləndirmək və gələcək nəsillər üçün bu irsin qorunmasının əhəmiyyətini aşılamaq da qarşıya qoyulan məqsədlərdən olub.
İnteraktiv proqram zamanı ekskursiyalar “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruq İdarəsi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, EkoSfera Ekoloji-Sosial Mərkəzinin Balaxanıda yerləşən Botanika bağı və Ekomərkə təşkil edilib.
Builki proqramda ümumilikdə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 7000-ə qədər şagirdi iştirak edib.
Xatırladaq ki, mayın 18-də dünyada Beynəlxalq Muzeylər Günüdür. Layihə 2015-ci ildən başlayaraq hər il mayın 18-25-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Beynəlxalq Muzeylər Şurasının (ICOM) tərəfdaşlığı ilə RUGİM tərəfindən keçirilib. Növbəti illərdə bu proqram Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən də dəstəklənib.