
18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam edir:
Mayın 12-də Gəncə şəhərində müalicə aldığı xəstəxanada vəfat edən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun ölümü ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və ibtidai istintaq tədbirləri aparılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, hadisənin səbəbləri və mexanizminin hərtərəfli və obyektiv araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.
Hazırda istintaq orqanları tərəfindən hadisə yerinin baxışı və ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölüm halları yoxlanılır.
Rəsmi qurumlar sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.
Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.
Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların cəmiyyətdə fikir ayrılıqlarına səbəb olur.
Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.