
Bakı, 4 iyun, ARHD.AZ
Sədr: Enerjiyə artan qlobal tələbat elektrik enerjisinin istehsal və ötürülmə üsullarına yenidən baxmağı zəruri edir
Azərbaycanda bərpaolunan enerji üzrə generasiya potensialı 8 giqavatdan artıqdır. Uğurlu və düşünülmüş enerji siyasəti sayəsində Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə öz resursları hesabına təmin edir.
ARHD.AZ xəbər verir ki, bu sözləri Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: Gələcəyin enerji təchizatı” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda generasiya gücünün böyük hissəsi ənənəvi qazla işləyən istilik elektrik stansiyalarının payına düşür.
“Lakin qarşıdakı iki il ərzində ümumi gücün 30 faizindən çoxunun bərpaolunan enerji mənbələrinin payına düşməsi gözlənilir. Bu isə yalnız başlanğıcdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir. Azərbaycanda böyük həcmdə bərpaolunan enerji mənbələrinin uğurlu inteqrasiyası üçün əsas şərtlərdən biri enerji şəbəkəsinin sabitliyidir. Enerjiyə artan qlobal və lokal tələbat elektrik enerjisinin həm istehsal, həm də ötürülmə üsullarına yenidən baxmağı zəruri edir. Etiraf etməliyik ki, gələcək dünyanı enerji ilə necə təmin edəcəyimiz, dekarbonizasiya, innovasiya, dayanıqlılıq və inkişafla bağlı öhdəliklərimizə nə dərəcədə sadiq qalacağımızdan asılı olacaq”, - deyə S.Axundov vurğulayıb.