Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

Bakı, 23 may, ARHD.AZ


İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən ARHD.AZ-a bildirilib ki, son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan cari ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24 faiz təşkil edib ki, bu da Mərkəzi Asiya regionunun ən yüksək göstəricisidir.

Azərbaycanın əldə etdiyi digər uğurlu göstərici Bakının reytinqdə “İlin şəhəri” olaraq seçilməsidir. Paytaxt şəhər, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və “SaaS” xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.

Hesabatda startap ekosisteminin ümumi icmalı da verilib. Bu xüsusda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) aparıcı dövlət qurumu olaraq yerli ekosistemin inkişafı, innovasiyaların təşviqi və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi fəaliyyət vurğulanıb. Son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi və beynəlxalq tərəfdaşlıqların formalaşmasında İRİA-nın müstəsna rolu qeyd edilib. Bununla yanaşı, İRİA-nın təşəbbüsü ilə keçirilən “IDDA Awards”, həmçinin Agentliyin tərəfdaşı olduğu “Baku ID” və“INMerge Innovation Summit” kimi tədbirlərin əhəmiyyəti və ekosistemə verdiyi töhfələr hesabatda öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan “StartupBlink” qlobal reytinqində 2021-ci ildə 89, 2022-ci ildə 85, 2023-cü ildə 84, 2024-cü ildə isə 80-ci mövqedə olub. Bu il ümumilikdə 118 ölkənin və 1473 şəhərin innovasiya göstəriciləri dəyərləndirilib. Reytinqin ilk beşliyində ABŞ, Birləşmiş Krallıq, İsrail, Sinqapur və Kanada yer alıb.

Baxış sayı: 7 381

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə