bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.
Sənəddə layihənin tikintisi, quraşdırılması və istismarı fəaliyyətləri ilə əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyə ola bilən potensial təsirlər tədqiq edilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesi təklif edilmiş işlərin nəticəsində ətraf mühitə və sosial-iqtisadi sahəyə olan hər hansı mənfi təsirlərin müəyyənləşdirilməsini və minimuma endirilməsini və mümkün olan hallarda aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.
ŞDK layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz Müqavilə Sahəsinin işlənməsinin əvvəlki mərhələlərinin davamıdır. Bu layihə yataqdan aşağıtəzyiqli qaz ehtiyatlarının hasil edilməsini və maksimum qazvermə əmsalına nail olunmasını təmin etmək üçün dənizdə kompressor platformasının – ŞDK platformasının və əlaqədar qurğuların – quraşdırılmasından ibarətdir. ŞDK platforması Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3km və Şahdəniz Alfa (ŞDA) platformasından təxminən 10km məsafədə, suyun dərinliyi təqribən 85m olan sahədə yerləşəcək və ŞDA və ŞDB platformalarında qaz ixrac kompressiyası üçün əsas qurğunun yerləşdiyi obyekt kimi xidmət göstərəcək.
Maraqlı tərəflər ilə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin mühüm komponentidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihə variantında və ƏMSSTQ sənədində əksini tapmasını təmin edir.