Bakı, 9 aprel, ARHD.AZ
SPECA nazirlər görüşündə Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verilib
İsveçrənin Cenevrə şəhərində SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) iqtisadiyyat üzrə nazirlərinin görüşü keçirilib.
İqtisadiyyat Nazirliyindən ARHD.AZ-a bildirilib ki, tədbirdə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiyah Alişahbana (video müraciət vasitəsilə), Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodjamurad Geldımuradov, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Arman Kasenov, Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Sanjarbek Bolotov, Tacikistanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Şaraf Şeralizoda, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin birinci müavini Nozimdjon Xolmurodov, Gürcüstanın xarici işlər nazirinin müavini Georgi Zurabaşvili, Türkiyənin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Burak Akçapar və Macarıstanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Zofia Havasi çıxış ediblər.
Çıxış edənlər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, müxtəlif məsələlərə dair birgə təşəbbüs və layihələr barədə fikirlərini bölüşüblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iclasda vurğulayıb ki, Proqram çərçivəsində ölkələrimiz arasında uğurlu və çoxşaxəli əməkdaşlıq qlobal çağırışlar şəraitində regionda sabitliyin təmin edilməsində əhəmiyyət kəsb edir. Bu baxımdan, bölgənin davamlı inkişafını dəstəkləmək məqsədi ilə müzakirələr vacibdir. Qeyd olunub ki, Azərbaycanın SPECA-ya üzv ölkələrlə ticarət tərəfdaşlığı genişlənir. Ötən il ölkəmizlə Proqramın iştirakçı dövlətləri arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox, bu ilin yanvar-fevral aylarında isə 191 milyon dollardan çox olub. Diqqətə çatdırılıb ki, Azərbaycan SPECA çərçivəsində ticarət və nəqliyyat maneələrini azaltmaq üçün mühüm addımlar atıb. Azərbaycan Orta Dəhliz boyunca logistik imkanları gücləndirməklə SPECA ölkələri üçün tranzit və logistika mərkəzinə çevrilib. Bildirilib ki, 2024-cü ilin sentyabrında BMT-nin himayəsi altında yaradılmış SPECA Çoxtərəfli Etimad Fondu birgə layihələrin maliyyələşdirilməsində mühüm rol oynayacaq. SPECA-nın 2030-cu ilə qədər İnkişaf Konsepsiyasının həyata keçirilməsi isə iştirakçı dövlətlərin çoxşaxəli inkişafına töhfə verəcək.
İclasda SPECA çərçivəsində qəbul edilmiş strateji sənədlərin icrası, ticarət və nəqliyyat potensialının reallaşdırılması, qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi, Trans-Xəzər Nəqliyyat Dəhlizi boyu multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi, SPECA Çoxtərəfli Etimad Fondunun maliyyə mexanizmləri və s. haqqında müzakirələr aparılıb.
SPECA Rəhbər Şurası çərçivəsində Türkiyə, Macarıstan, Gürcüstanın iştirakı ilə geniş tərkibli iclas keçirilib. İclas Orta Dəhliz boyu nəqliyyat, logistika və enerji bağlantılarının artırılması istiqamətində əməkdaşlığın təşviqinə yönəlib.
Görüşlərin ardınca BMT-nin Cenevrə ofisində “Orta Dəhliz boyu ticarət və nəqliyyat əlaqələrinin artırılması” mövzusunda yüksəksəviyyəli təqdimat keçirilib. Tədbir Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Orta Dəhliz ölkələrinin – Azərbaycan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Daimi Nümayəndəlikləri tərəfindən birgə təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) imkanları və dəhliz boyu yerləşən ölkələrin potensialını təqdim etmək, Orta Dəhliz ölkələri ilə nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi üzrə çoxtərəfli əməkdaşlığı təşviq etmək, habelə bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri arasında tərəfdaşlıq imkanlarının yaradılması olub.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, kənd təsərrüfatı, ticarət, maliyyə, nəqliyyat-logistika, enerji və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin, akademik dairələrin nümayəndələri və ekspertlər iştirak ediblər.
Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov və Türkmənistanın daimi nümayəndəsi Vepa Hacıyev açılış nitqi ilə çıxış ediblər.
Orta Dəhliz ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri dəhliz boyunca ticarət, nəqliyyat, enerji infrastrukturu, rəqəmsallaşma və sərhəd keçidlərinin sadələşdirilməsi sahəsində investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında nəqliyyat dəhlizlərinin mərkəzi və açar ölkəsi kimi Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, ölkəmizin logistika və yükdaşıma imkanları, bu sahədə dövlət siyasəti və mövcud investisiya imkanları barədə ətraflı məlumat verib.
Tədbirin interaktiv hissəsində iştirakçıların sualları cavablandırılıb və potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb.