Hər bir xalqın tarixində onun taleyini dəyişən, dövlətçiliyini qoruyan və inkişafına yön verən böyük şəxsiyyətlər olur. Azərbaycan xalqının müasir tarixində belə bir şəxsiyyətin adı qürurla çəkilir: Ulu Öndər, dahi siyasətçi və dövlət xadimi Heydər Əliyev.
Hər il mayın 10-da Azərbaycan xalqı Ulu Öndərin doğum gününü böyük ehtiramla qeyd edir. Bu, sadəcə bir ildönümü deyil, həm də milli birliyin, dövlətçiliyin və azərbaycançılıq məfkurəsinin təntənəsidir.
1923-cü il mayın 10-da Naxçıvanda dünyaya gələn Heydər Əliyev, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində silinməz izlər buraxdı. Onun gərgin əməyi nəticəsində Azərbaycan xalqı ən çətin sınaqlardan keçdi, dövlət müstəqilliyini qoruyub saxladı və gələcəyə inamla addımladı. Heydər Əliyev fenomeni təkcə siyasi uzaqgörənliklə deyil, həm də xalqına və millətinə olan sonsuz sevgisi ilə fərqlənirdi.
Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında dönüş nöqtəsi oldu. Sabitliyin bərqərar olması, hüquqi dövlət quruculuğu, ordu quruculuğu və neft strategiyası onun müdrik siyasətinin əsas sütunları idi.
Bu gün biz Heydər Əliyevin yaratdığı müstəqil və güclü Azərbaycanı görürük. Onun ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz regional liderə çevrilmiş, beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
Ulu Öndərin doğum günü bizə təkcə bir liderin həyat yolunu xatırlatmır, həm də vətənpərvərlik, fədakarlıq və dövlətçilik dərsi verir. Bu gün onun irsi bizim yolumuza işıq tutur, xalqın yaddaşında isə əbədi yaşayır.
Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin! Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
İsmayıl Zalov
Beynəlxalq Hüquq üzrə Fəlsəfə doktoru, Heydər Əliyev irsinin daşıyıcısı.