ARHD.AZ İnformasiya Agentliyinin sədri, beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov İstanbul Universitetində tələbə və akademik ictimaiyyət üçün rəsmi mühazirə ilə çıxış etmişdir.
Mühazirədə cinayət hüququnun beynəlxalq hüquq sistemi daxilində yeri və əhəmiyyəti, hüququn aliliyi prinsipinin təmin olunması, hüquqi dövlət modelinin formalaşdırılması və ictimai sabitliyin qorunmasında cinayət hüququnun institusional rolu geniş şəkildə şərh edilmişdir. Qeyd olunmuşdur ki, müasir dövlət idarəçiliyində cinayət hüququ yalnız cəza mexanizmi deyil, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən fundamental hüquqi vasitədir.
Çıxış zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, konstitusion sistemin formalaşdırılması və milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətindəki tarixi fəaliyyəti xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi-hüquqi strategiya bu gün də Azərbaycanın dövlətçilik konsepsiyasının əsasını təşkil edir və beynəlxalq hüquq subyekti kimi mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Mühazirədə, həmçinin Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, hüquqi şəffaflığın təmin olunması və ədalət mühakiməsinin beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri diqqətə çatdırılmışdır. Xüsusi olaraq qeyd edilmişdir ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpasından sonra hüquqi idarəetmə mexanizmləri qurulmuş, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə təşkil edilmişdir.
Tədbir interaktiv formatda keçirilmiş, beynəlxalq hüquq, cinayət hüququ və dövlət suverenliyi mövzularında ünvanlanan suallar cavablandırılmış, praktiki hüquqi təcrübəyə əsaslanan nümunələr təqdim olunmuşdur. Mühazirə iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmışdır.


























