"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynadakı münaqişənin nizamlanması üzrə planını rədd etməyib".
ARHD.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri V.Putinin mətbuat katibi Dmitri Peskov Kremldə ABŞ nümayəndə heyəti ilə danışıqlardan sonra deyib.
Peskov, eyni zamanda, müzakirələrin təfərrüatını açıqlamaqdan imtina edib.
"Xeyr, bu, doğru olmaz. Məsələ burasındadır ki, belə birbaşa fikir mübadiləsi dünən ilk dəfə aparıldı. Və yenə də, dünən deyildiyi kimi, bəzi şeylər qəbul edilib, bəzi şeylər qəbuledilməz kimi qeyd edilib. Bu, normal iş prosesidir, kompromis axtarışıdır", - deyə Kremlin nümayəndəsi jurnalistlərə bildirib.
Qeyd edək ki, noyabrın 2-də Vladimir Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və Donald Trampın kürəkəni Cared Kuşneri qəbul edib. Beş saatlıq görüşdə ABŞ-nin sülh planı və planın Ukrayna ilə ABŞ arasında aparılan müzakirələrinin nəticələri ilə bağlı söhbət aparılıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya planın bəzi bəndlərini məqbul hesab edir, digər bəndləri isə Vladimir Putin rədd edib. Əsas məsələlərə dair kompromisə isə hələ ki nail olunmayıb.






















