ADA Universitetinin yaradılmasının 20 illik yubileyi münasibətilə ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov universitetin rektoru, professor Hafiz Paşayevi səmimi qəlbdən təbrik etmişdir.
İsmayıl Zalov öz təbrikində qeyd etmişdir ki, Hafiz Paşayev Azərbaycan elminin və təhsilinin inkişafında müstəsna xidmətləri olan, yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən fəaliyyəti ilə seçilən görkəmli ziyalı və nüfuzlu ictimai xadimdir. Onun təşəbbüsü və böyük əməyi nəticəsində yaradılan ADA Universiteti qısa zaman ərzində Azərbaycanın ən müasir və beynəlxalq standartlara cavab verən ali təhsil ocaqlarından birinə çevrilmişdir.
Bildirilib ki, Hafiz Paşayevin rəhbərliyi ilə fəaliyyət göstərən ADA Universiteti bu gün yalnız ölkəmizin deyil, bütövlükdə regionun intellektual inkişafına mühüm töhfələr verən nüfuzlu akademik mərkəz kimi tanınır. Bu ali təhsil ocağı müasir təhsil modeli, yüksək səviyyəli professor-müəllim heyəti və beynəlxalq əlaqələri ilə Azərbaycan gənclərinin dünyagörüşünün formalaşmasında, onların yüksək bilik və bacarıqlara malik vətənpərvər kadrlar kimi yetişməsində əvəzsiz rol oynayır.
İsmayıl Zalov vurğulamışdır ki, Hafiz Paşayev kimi ziyalı və uzaqgörən rəhbərlərin fəaliyyəti Azərbaycanın gələcəyinə qoyulan ən böyük sərmayədir. Onun rəhbərliyi ilə formalaşan ADA Universiteti bu gün gənclərin elmə, bilik və innovasiyaya olan marağını artıran, ölkəmizin beynəlxalq akademik nüfuzunu gücləndirən möhtəşəm bir elm və təhsil mərkəzinə çevrilmişdir. Bu uğur isə ilk növbədə Hafiz Paşayevin fədakar zəhmətinin, prinsipial mövqeyinin və təhsilə olan böyük sevgisinin nəticəsidir.
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri qeyd etmişdir ki, Hafiz Paşayev təkcə böyük alim və diplomat deyil, həm də Azərbaycanın intellektual gələcəyinin formalaşmasına xidmət edən nümunəvi ziyalıdır. Onun yaratdığı ADA Universiteti bu gün minlərlə gəncin gələcəyinə işıq tutan, bilik və inkişaf yolunu göstərən möhtəşəm bir elm ocağı kimi ölkəmizin qürur mənbəyinə çevrilmişdir.
Sonda İsmayıl Zalov ADA Universitetinin 20 illik yubileyi münasibətilə professor Hafiz Paşayevi bir daha ürəkdən təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın elm və təhsilinin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
#ADAUniversity























