Bakı, 11 fevral, ARHD.AZ


Rəqəmsal İnkişaf Konsepsiyasının müddəalarının icrası çərçivəsində müzakirə aparılıb


AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın müddəalarının icrası çərçivəsində akademiyanın qarşısında duran vəzifələr müzakirə edilib.

Bu barədə ARHD.AZ -a AMEA-dan məlumat verilib.

Akademik İsa Həbibbəyli bildirib ki, “Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın “Dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası” ilə bağlı 1.1.2. bəndinin icraçıları sırasında Azərbaycan Milli Elmlər Akademiyası da var.

AMEA rəhbəri diqqətə çatdırıb ki, son üç il ərzində akademiyada elektron elmin inkişafı, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, süni intellekt texnologiyalarının tətbiqi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin daha da genişləndirilməsi istiqamətində mühüm işlər görülür. AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb, bu şöbə vasitəsilə elmi jurnalların elektron bazalarının, elmi işçilərin virtual profillərinin, Rəqəmsal İnformasiya Resursları Sisteminin yaradılması, ilkin istinad hesablamalarının formalaşdırılması istiqamətində zəruri addımlar atılıb. Həmçinin AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə AMEA-nın qurumlarında elektron xidmətlər şöbəsi yaradılıb.

Akademiyanın prezidenti, həmçinin elektron xidmətlər şöbələrinin fəaliyyətlərinin daha da gücləndirilməsi, mövcud kadrların təkmilləşdirmə təlimlərinə göndərilməsi və s. istiqamətlərdə tapşırıqlarını verib.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev sözügedən məsələ ilə bağlı çıxış edib. Akademik qeyd edib ki, bu konsepsiya ölkəmizdə yaxın gələcəkdə rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş çox mühüm strateji, həm də faktiki vəzifələri müəyyənləşdirən sənəddir.

Azərbaycanda bu istiqamətin əsaslarının 2000-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan akademik Rasim Əliquliyev “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın qəbul olunması ilə informasiya cəmiyyəti ideologiyasının Azərbaycan cəmiyyətində formalaşması istiqamətində dövlət siyasətinin rəsmi olaraq bəyan edildiyini vurğulayıb. Bildirib ki, ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm addımlar atılıb, bir çox uğurlar, nailiyyətlər əldə edilib, elektron hökumət formalaşdırılıb və dünyanın aparıcı qlobal reytinqləri də bunu təsdiqləyir.

Akademik Rasim Əliquliyev “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsinin mühüm addım olduğunu, qəbul edilmiş sənədin dövlət qurumlarının rəqəmsal fəaliyyətinin vahid mərkəzdən idarəsinə və sistemləşdirilməsinə təkan verəcəyini söyləyib.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin elmi bölmə və mərkəzlərinə, nəzdindəki təşkilatlara konsepsiyanın müddəalarının icrası ilə bağlı təkliflərin hazırlanaraq, AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Baxış sayı: 3 244

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]