![“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq – RƏY](https://azertag.az/files/2025/1/1200x630/17390253473043131276_1200x630.jpeg)
Bakı, 8 fevral, ARHD.AZ
“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq
İlk növbədə, “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərmana görə kollektivimiz adından Prezidentimizə sonsuz təşəkkürümüzü bildiririk. Bu Fərman dövlət başçımız tərəfindən 2023-cü ilin noyabrında yaradılan və 2024-cü ilin sentyabrında fəaliyyətə başlayan Qarabağ Universitetinin inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti nümunəsidir.
Bu sözləri ARHD.AZ-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
O bildirib ki, klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, tibb sahəsində elmi tədqiqatlar aparacaq, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edəcək. Yəni, klinikada, eyni zamanda tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Qarabağ Universitetində ali tibb təhsili sahəsində tətbiq olunacaq yeni model beynəlxalq təcrübəyə əsaslanmaqla müasir tədris texnologiyalarını özündə ehtiva edəcək. Bu baxımdan, klinikanın yaradılması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilir.
Rektor deyib: “İnanırıq ki, klinika tibb sahəsində innovativ və səmərələşdirici həllərin əldə olunması ilə nəticələnən elmi araşdırmaların aparıldığı modern tədqiqat mərkəzinə çevriləcək. Klinikada reallaşdırılacaq elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına ciddi zəmin yaradacaq. “Qarabağ Universitetinin Klinikası” regionda yaşayan və növbəti mərhələdə doğma torpaqlarımızda məskunlaşacaq vətəndaşlarımızın müasir tibbi xidmətlərə çıxış imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq. Peşəkar personalı və müasir infrastrukturu ilə klinika Qarabağda yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm pay sahibi olacaq”.
Onun sözlərinə görə, klinikanın yaradılması Qarabağ Universitetinin öz strateji hədəflərinə doğru daha sürətlə irəliləməsinə mühüm təkan verəcək. O cümlədən klinika Qarabağ Universitetinin işğaldan azad olunmuş əzəli torpaqlarımızda həyatın bərpasına töhfə verməsi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 7-də “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.